Maşın divara çırpılıb: 4 gənc ölüb-Yenilənib

Tarix: 10:31 05.06.2025
Qazaxda yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qazaxda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı qəzaya səbəb olan BMV markalı avtomobil 1997-ci il təvəllüdlü Ramal Vəliyevə məxsus olub.
Hadisədən öncə Ramal Vəliyevlə yanaşı, Rafət Nəsibov şəxsi avtomobilləri ilə Abbasbəyli kəndi gediblər. Onlar restoranların birində yeyib-içdikdən sonra Ramal Vəliyevə aid BMV markalı abtomobil ilə Fərəhli kəndinə qayıdıblar.
Lakin sonradan Rafət Nəsibovun avtomobilinin Abbasbəyli kəndində unudulduğu məlum olub. Həmin maşını gətirmək üçün yenidən geri dönüblər. Hadisə də həmin an baş verib. BMV markalı avtomobil idarəetməni itirərək, öncə işıq dirəyinə dəyib, daha sonra isə qarşıdakı mağazaya çırpılıb.
Nəticədə maşında olan Ramal Vəliyevlə yanaşı, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər.
Qeyd edək ki, ölən şəxslər Fərəhli kənd sakinləridirlər.