Ukrayna ən zəngin müttəfiqini itirib

Bölmə: Siyasət › ,
Tarix: 17:48 16.06.2025

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib, Avropa isə əməldə deyil, sözdə kömək edir, bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ukrayna artıq meydanda tək qalıb:

 

"Biz illər öncədən deyirdik ki, sonluq Ukrayna üçün belə olacaq. Çünki praktikada təcrübə göstərir ki, Qərb dünyası tarix boyu heç bir müttəfiqini sona qədər dəstəkləməyib. Qızışdırıb, ortaya atıb, öz xeyrinə nəticə əldə etdikdən sonra da bir kənara atıb. İndi də eyni durumdur. Trampın gəlişindən sonra ABŞ-nin mövqeyi dolayısı ilə məlum idi. İndi bu açıq şəkildə dilə gətirilir. ABŞ müdafiə naziri bunları deyirsə, demək Amerika bu prosesdə kənara çəkilmək qərarında israrlıdır. Tez-tez Amerika tərəfindən göstərilən 74 milyardlıq yardım dilə gətirilir. Əslində bu, Birləşmiş Ştatların dövlət büdcəsinə baxanda "dilənçi pulu"dur. Amma o da doğrudur ki, Qərb müttəfiqləri içərisində ən böyük yardımları ABŞ Ukraynaya göstərib. Bu baxımdan müdafiə naziri haqlıdır. Eyni zamanda, avropalı liderlər barəsində dediklərində də haqlı görünür. Boş -boş vədlərdən başqa bir işə son 3 ildə yaramayıblar. Müharibədə qələbə bu cür əldə edilmir".

 

Siyasi şərhçi Ukrayna cəbhəsində bundan sonra vəziyyətin daha da dəyişəcəyini düşünür:


"Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi "Hörümçək toru" əməliyyatından sonra cəbhədə Ukrayna tərəfində əməlli-başlı əhval-ruhiyyə artıb. Amma Ukraynanın arxasında tam durulmadı ki, bu proses diplomatik masaya daşınsın. Kiyevin strateji planı dəyişəcəyi ilə bağlı fikirlər səslənir. Hansı dəyişikliyi edəcək? Bu bir acı reallıqdır ki, güc nisbəti Rusiyanın xeyrinədir. Ukrayna həm də ona verilən dəstəklə savaşı davam etdirirdi. Artıq bu dəstək də kəsiləndən sonra nə edə bilər? Avropa daim sona qədər müttəfiqini döyüş meydanında dəstəkləməyib. Biz bunu yaxın keçmişdə belə görmüşük. 2008 Gürcüstan, 2014 Ukrayna nümunəsi ortadadır. Onun üçün də hazırkı Zelenski iqtidarı bunu öncədən anlamalı idi. Mövcud durum Rusiyanın tam xeyrinə cərəyan edir və hesab edirəm ki, Kreml bu üstünlüyü heç bir halda əldən verən deyil. Bir an öncə diplomatik masa ətrafında tərəflər əyləşməli və sülh əldə olunmalıdır. Əks halda Ukrayna ərazilərinin işğalı davam etdiriləcək, daha çox ərazi itkisinin şahidi olacağıq".

 

 


Qəmər Kazımzadə