İran-İsrail qarşıdurması

Bölmə: Siyasət › ,
Tarix: 21:36 16.06.2025

 

“Natzan reaktorunu məhv etdik və onsuz nüvə silahı hazırlamaq mümkün deyil. Lazım olsa, daha çox işlər görəcəyik".

 

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a deyib.

“Hərəkətə keçməli idik. Özümüzü və dünyanı nüvə qırğınından xilas etmək üçün bunu etdik. Onlar uranı silahlandırmaq üçün gizli plan üzərində işləyirdilər, çox sürətlə irəliləyirdilər. Sınaq cihazına, bəlkə də ilkin qurğuya aylar ərzində nail olacaqdılar. Bizim üçün ikinci bir nüvə soyqırımı olmayacaq. Əvvəlki əsrdə belə bir Holokost olub".

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, regionda yeni bir cəbhə yaranıb:

 

“İran-İsrail. Hazırda bütün dünyanın diqqəti bu qarşıdurma üzərindədir. Bu səbəbdən Rusiya-Ukrayna müharibəsinə olan diqqət azala və ya ikinci plana keçə bilər. Dünyanın marağı bu müharibəyə azalarsa, nələr baş verə bilər?

Yaxın Şərqdə İsrail ilə İran arasında baş qaldıran qarşıdurma, bölgədə çoxdan bəri alovun altını üfürən ziddiyyətlərin açıq müharibə səviyyəsinə keçə biləcəyi ehtimalını gündəmə gətirib. Bu, yalnız regional təhlükəsizlik böhranı deyil, eyni zamanda qlobal güclərin prioritetlərini yenidən şəkilləndirəcək qədər təsirli bir ssenaridir. Bu kontekstdə “Rusiya-Ukrayna müharibəsi ikinci plana düşə bilərmi?” sualı birmənalı cavab tələb etmir, amma ehtimallar üzərində rasional analiz mümkündür.

Qərb üçün İran-İsrail qarşıdurması təkcə iki ölkənin toqquşması deyil. Onun arxasında duran Şiə-Sünni, İran-Ərəb, NATO, hətta ABŞ-Çin-Rusiya arasında dolayı qüvvələr balansı mənasına gəlir. Nəticədə Ukraynaya olan dəstəyin ritmi və intensivliyi azala bilər. ABŞ və Avropa ölkələri siyasi və hərbi resurslarını daha çox Yaxın Şərqə yönəldə bilərlər".

 

Politoloq qeyd edib ki, bu, Rusiya üçün geopolitik fürsət pəncərəsi aça bilər:

 

“Yəni, Ukraynada cəbhəni genişləndirmək, təzyiqləri artırmaq və Qərbi daha çox təhdid etmək fürsəti doğur. İran-İsrail qarşıdurması qlobal diqqətin paylaşılmasına səbəb olacaq. Bu da Rusiya üçün Ukrayna cəbhəsində strateji imkanlar yarada bilər. Amma bu, eyni zamanda Qərbin daxili koordinasiya qabiliyyətini də sınağa çəkəcək. Əgər ABŞ və müttəfiqləri bu yeni cəbhəni idarə edə bilməsələr, Ukrayna, Gürcüstan, Moldova və Baltikyanı ölkələr növbəti təhdidlərə daha açıq vəziyyətə düşəcək. Qısacası, İran-İsrail savaşı Ukraynanın informasiya müharibəsindəki səngərini zəiflədəcək. Amma Qərbin strateji iradəsi itərsə, bu, domino effekti ilə bütün qlobal düzəni silkələyə bilər. Hər bir halda, İran-İsrail savaşı da uzunmüddətli olmayacaq".

 

Nuray Əliyeva