Regionda yeni müharibə səhnəsi

Tarix: 21:39 16.06.2025
İran Prezidenti Məsud Pezeşkian İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı aparıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu hücumlar təkrarlanarsa, daha ağrılı cavablar veriləcək”, – İran Prezidenti bildirib.
O qeyd edib ki, “İraq hökuməti öz sərhədlərinə və hava məkanına daha ciddi nəzarət etməlidir ki, həmin ərazilərdən İrana qarşı sui-istifadə edilməsin”.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, İran rejiminin hazırkı durumu keçmiş Əsəd rejiminin son vəziyyəti ilə müqayisə oluna bilər:
“Təbii ki, İran və İsrail arasında onilliklərə dayanan ziddiyyət nəhayət müharibə həddinə çatdı. Şübhəsiz ki, vaxtilə ABŞ İraqı işğal etsə də, Səddam rejiminin devrilməsində İranın da rolu olub və bunun müqabilində İraqda müəyyən qədər imtiyazlara sahib olub. İran İraqda müxtəlif qruplaşmaları məzhəbçilik ideologiyası çərçivəsində təsiri altında saxlayır. Hazırda həmin qüvvələrin də neytrallaşdırıldığı məlumdur. İraq hökuməti isə müstəqil hərəkət etmək əzmində deyil. Əgər müharibəyə ABŞ açıq şəkildə qoşularsa, şübhəsiz ki, lazım gəldikdə İraqdakı bazalarından və hava məkanından istifadə edəcək. Əgər İran da ABŞ-nin İraqdakı bazalarına zərbə endirərsə, İsrail İraqı da bombalayacaq. Mən İraqın İran Prezidentinin bu tələbinə riayət etmək iqtidarında və müstəqil qərar qəbul etmək əzmində olmasını təsəvvür etmirəm.
Türkiyə ilə İsrail münasibətlərinin isə daha da gərginləşməsi xoşagələn deyil. Ölkəmiz üçün də bu, yaxşı heç nə vəd etmir. Çətin seçim qarşısında qala bilərik. Ancaq bu vəziyyətin yaranmaması üçün siyasilərin Türkiyə–İsrail mövzusunda mütləq ehtiyatlı və müdrik mövqe tutacaqlarına inanıram. Türkiyənin bu proseslərdə İsrailə qarşı tutumu gedişatdan asılı olacaq. İsrailin İrana hücumu və Türkiyənin maraqlarına toxunan digər addımları gərginliyi artıran əsas amillərdir.
Azərbaycan həm Türkiyə və İsrail, həm də İran və İsrail arasında yaranmış durumda vasitəçilik edə, müəyyən danışıqların aparılmasında əhəmiyyətli rol oynaya bilər. İranın Türkiyəyə qarşı mövqeyi, Suriyada Türkiyə əleyhinə tutduğu mövqe, PKK-nın İran qolunun qorunub saxlanması, Zəngəzur dəhlizinə mane olması kimi məsələlər Türkiyəni İranla qarşı-qarşıya gətirən mövzulardır. İsraillə Türkiyəni isə əsasən Qəzzanın işğalı və Suriyada, ümumilikdə Yaxın Şərqdəki siyasət ayırır.
İsrail artıq İranın hərbi infrastrukturunu zədələyib və rejimin devrilməsi üçün hərəkətə keçib. İran rejiminin hazırkı durumu keçmiş Əsəd rejiminin son vəziyyəti ilə müqayisə oluna bilər. Sadəcə olaraq, yeni İranda əsas söz sahibi olmaq üçün İsrail qabağa çəkilib. Hətta ABŞ belə hələlik açıq şəkildə müharibəyə daxil olduğunu istisna edir.
Bu savaş bir neçə ay davam edəcək. İsrail istəyinə nail olmayınca geri çəkilməyəcək. İran isə rejimi qorumaq üçün səylər göstərir. İsrailə ciddi zərbə vura bilmir, çünki İsrailin dayanması üçün təsirli vasitələri yoxdur. Ancaq İsrail İran əhalisinin ayağa qalxmasına nail olsa, Türkiyənin də mövqeyi dəyişməz olaraq qala bilməz. Bu halda artıq “yeni İran” barədə düşünmək lazım olacaq. Mülahizələrə görə bu savaş prosesi bir neçə ay, çox güman ki, İran rejiminin süqut etməsinə qədər davam edəcək”.
Fatimə Şahverdiyeva