Kömək yox, real əməkdaşlıq lazımdır-Hikmət Hacıyevdən Avropaya mesaj

Bölmə: Siyasət › ,
Tarix: 17:31 17.06.2025

Slovakiyada keçirilən “GLOBSEC 2025” forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı regionun strateji nəqliyyat və iqtisadi platforması olan Orta Dəhlizə dair diqqətçəkən mesajlarla yadda qalıb. Aİ-nin qeyri-müəyyən siyasətini tənqid edən Hacıyev bildirib ki, Azərbaycanın yardım deyil, bərabərhüquqlu əməkdaşlığa ehtiyacı var. Bakı-Tbilisi-Qars kimi regional layihələrin uğurla başa çatdırılması fonunda Avropa İttifaqının passiv mövqeyi suallar doğurur.


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin Avropaya yönəlik tənqidi Azərbaycanın ümumi xarici siyasət mövqeyi ilə bağlıdır:


“Əslində Hikmət Hacıyevin bu narazılığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yaşanan ümumi narazılığın bir ifadəsidir. Avropa İttifaqı rəsmiləri tez-tez ölkəmizə səfərlər edir, əməkdaşlıqdan danışılır, xüsusilə də enerji resurslarının nəqli ilə bağlı Bakıdan müəyyən tələblər irəli sürülür. Mövcud qaz nəqlinin həcminin artırılması istənilir, lakin bunun müqabilində real maliyyə və texniki dəstək verilmir.


TAP və TANAP layihələri ilə yanaşı, Hikmət Hacıyevin vurğuladığı Bakı-Tbilisi-Qars dəhlizi kimi regional və qlobal layihələrin ötürücülük qabiliyyətinin artırılması üçün ciddi investisiya tələb olunur. Azərbaycan hökuməti hazırda həm hərbi xərclər, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına böyük vəsait ayırır. Belə bir şəraitdə ölkəmiz əlavə enerji layihələrinin genişləndirilməsi üçün də maliyyə yükünü öz üzərinə götürür. Lakin Avropa İttifaqı tərəfindən bu məsələdə praktiki dəstək göstərilmir, yalnız tələblər irəli sürülür.


Ən təəssüf doğuran məqam isə odur ki, Ermənistan kimi tərəfdaşlara Avropa İttifaqı tərəfindən qarşılıqsız yardımlar edilir, lakin Azərbaycanın sülh təşəbbüslərinə və enerji layihələrinə bu qədər mühüm töhfə verən tərəfə adekvat münasibət göstərilmir. Bu baxımdan, Hikmət Hacıyevin dediyi kimi, Azərbaycanın yardıma deyil, bərabərhüquqlu əməkdaşlığa ehtiyacı var. Əgər Avropa İttifaqı qaz təchizatında artım istəyirsə, bunun qarşılığında konkret dəstək mexanizmləri də formalaşdırılmalıdır”, – deyə politoloq qeyd edib.


Solmaz Muradova