“Tehran səmasına nəzarət edirik” – bölgədə müharibə təhlükəsi artır-Netanyahu

Bölmə: Siyasət › ,
Tarix: 17:33 17.06.2025

Netanyahu: “Tehran səmasına nəzarət edirik” – bölgədə müharibə təhlükəsi artır


İsrail Baş naziri Benyamin Netanyahunun Tel-Nof aviabazasında verdiyi açıqlama beynəlxalq ictimaiyyətdə ciddi narahatlıqlara səbəb olub. Netanyahu bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri artıq Tehran səmasına nəzarət edir. O, həmçinin İran rejimini mülki vətəndaşları hədəf almaqda ittiham edərək, İsrailin yalnız rejim obyektlərini vurduğunu vurğulayıb. Eyni zamanda, Tehran sakinlərinə “evakuasiya” çağırışı ilə çıxış edib. Bu bəyanat regionda gərginliyin yeni, daha təhlükəli mərhələyə keçid etdiyi kimi qiymətləndirilir.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlama verib:


“Netanyahu “Tehran səmasına nəzarət edirik” deməklə İsrail qırıcılarının İranın paytaxtı üzərində hərbi fəaliyyətini nəzərdə tutur. Bu, sadəcə siyasi ritorika deyil – reallıqda İsrailin döyüş təyyarələri və dronları Tehran üzərində konkret hərbi missiyalar yerinə yetirirlər. İran isə yalnız ballistik raketlərlə cavab verir. Bu səbəbdən, Netanyahu tərəfindən səsləndirilən fikir həm hərbi reallığı əks etdirir, həm də siyasi və psixoloji təzyiq vasitəsidir”.


Əmrəliyev qeyd edib ki, bu tip bəyanatlar vasitəsilə İsrail rəhbərliyi Tehranda yerləşən hərbi və strateji obyektlərin legitim hədəf olduğunu nümayiş etdirməyə çalışır:


“Tehran əhalisinə evakuasiya çağırışı bir tərəfdən psixoloji təsir vasitəsidir, digər tərəfdən isə bölgədə genişmiqyaslı müharibənin başlaya biləcəyi siqnalıdır. Bu, artıq İran xalqı və hakimiyyəti üzərində ciddi basqı formasıdır. Unutmayaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da eyni çağırışla çıxış edib”.


Politoloq əlavə edib ki, vəziyyətin bu həddə çatması ABŞ-ın da prosesə hərbi şəkildə müdaxilə etməsi ehtimalını artırır:


“Trampın yeddi ölkənin sammitini yarımçıq tərk edərək Vaşinqtona dönməsi, ABŞ Təhlükəsizlik Şurasının fövqəladə iclas çağırması və Pentaqonun İsrailə dəstək bəyanatları göstərir ki, ABŞ da bu eskalasiyaya qoşula bilər. Lakin ABŞ daxilində də bu qərara qarşı ciddi xəbərdarlıqlar səslənir. Buna baxmayaraq, ABŞ tərəfindən Tehrana birbaşa zərbə ehtimalı realdır”.


Əmrəliyev sonda qeyd edib ki, İsrailin əsas məqsədi İranın nüvə proqramını sıradan çıxarmaq və mümkün rejim dəyişikliyinə nail olmaqdır:


“Bu, sadəcə bir qarşıdurma deyil. İsrailin strateji hədəfi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və eyni zamanda rejim dəyişikliyi üçün zəmin yaratmaqdır. ABŞ-la birlikdə həyata keçiriləcək mümkün zərbələr bu məqsədlərə xidmət edir”.


Solmaz Muradova