Səhiyyə işçiləri üçün sertifikasiya-Əmək Məcəlləsinə mühüm dəyişiklik…

Bölmə: Sosial › ,
Tarix: 14:22 18.06.2025

 

Milli Məclisin son iclasında səhiyyə işçilərinin sertifikasiyası ilə bağlı Əmək Məcəlləsinə mühüm dəyişikliklər qəbul olunub. Yeni tənzimləmələrə əsasən, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə biliklərinin mütəmadi yoxlanılması, eləcə də onların davamlı peşəkar inkişafı məcburi hala gəlir.

 

Mövzu ilə bağlı “İnformator.az”ın “Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” nə göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirilib ki, Qanunda dəyişiklik layihəsinin əsas məqsədi ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin bilik və bacarıqlarının daima artırılması və təkmilləşdirilməsidir ki, bu da ilk növbədə pasiyent təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Bu baxımdan Qanuna dəyişiklik layihəsi ilk növbədə əhalinin sağlamlığının və pasiyent təhlükəsizliyinin qorunması məqsədini daşıyır.

 


Qanuna edilmiş dəyişiklik ilk növbədə səhiyyə işçilərinin daim inkişafda olan tibb elmindəki yenilikləri öyrənməyə, öz üzərilərində işləməyə stimullaşdırır. Bu baxımdan dəyişiklik mütərəqqidir.

 


“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər, orta tibb və ya əczaçılıq təhsili olan işçilər müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

 


“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak edə bilərlər.


Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.


Əminə Əliyeva