Qayıdaq 1988-ci il 7 fevrala...

Tarix: 15:55 18.06.2025
Biləsuvar rayonunda bir oğul dünyaya göz açdı. Adını Mübariz qoydular. Adını qoyanda heç kim bilmirdi ki, bir gün bu ad milyonların qəlbində taxt quracaq. Zaman keçəndən sonra hamı anladı ki, bu ad elə Mübarizin taleyi imiş. Mübariz- igid, mübarizə aparan, cəsur. Vətən eşqiylə, cəsurluq hissi ilə, igid kimi böyüdü.
Mübariz heç bir zaman pafoslu danışmadı. Hər zaman səssiz oldu. Səssizliyi sevirdi. Amma səssizliyə dözmədi. Silahını əlinə alıb sükuta bir son vermək istədi. 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başladı. Həmin gecə Mübariz Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir. Baş verən döyüşdə qəhrəman oğul 5 nəfəri öldürüb, 3-nü yaralamışdır. Həmin gecə Mübariz əsl Vətən eşqindən çoxlarına dərs keçdi. Vətəni sevmək bayraqla şəkil çəkdirmək, pafoslu cümlələrlə nitq söyləmək deyilmiş. Vətəni sevmək bəzən səngərə girmək, ölümünü gözə alaraq təkbaşına addım atmaq imiş. Əsl qəhrəmanlıq budur.
Adının haqqını verən, hər zaman səssizliyi sevən, lakin ölümü ilə ölkəyə səs salan cəsur döyüşüçü Mübariz İbrahimovun şəhadətindən 15 il ötür. Bu gün Mübarizin adını daşıyan küçə və məktəblər var. Eyni zamanda onu təsvir edən heykəllər ucaldılmış, şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər çəkilmiş, kitablar yazılmışdı. Bütün bunlar Milli Qəhrəmanın adını əbədiləşdirmək, həmişə yaşatmaq üçündür. Amma bir həqiqət var ki, onun adı daim qəlbimizdə yaşayır və yaşayacaq. İllər keçsə belə tarix köhnəlmir, unudulmur. Mübariz elə tarixin özüdür.
Adının haqqını verən oğul, ruhun şad olsun!
Əminə Əliyeva