Çin və Misir atəşkəsə çağırır

Tarix: 17:56 19.06.2025
Çin və Misir Yaxın Şərqdə artmaqda olan gərginlik fonunda vəziyyətin daha da pisləşməməsi üçün təcili diplomatik səylərə və atəşkəsin bərpasına çağırıblar. Bu mövzu Misirin xarici işlər naziri Bədr Əbdəlatti ilə Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığında müzakirə edilib.
Vanq Yi bildirib ki, İsrailin beynəlxalq hüquq və normaları pozması bölgədə gərginliyi ciddi şəkildə artırıb. O, bütün tərəfləri dərhal atəşkəsə əməl etməyə və qarşıdurmanı dayandırmağa çağırıb. Vanq qeyd edib ki, bu həlledici məqamda beynəlxalq ictimaiyyət, xüsusilə də region ölkələri daha vahid və koordinasiyalı mövqe sərgiləməlidir.
Çinli nazir həmçinin BMT kimi çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, Pekin və Qahirənin bu istiqamətdə birgə səy göstərməyə hazır olduğunu bildirib.
Misirin Xarici İşlər Nazirliyi isə Əbdəlattinin bölgədə daha geniş miqyaslı sabitsizliyin qarşısının alınmasının zəruriliyini qeyd etdiyini, Tehranın nüvə proqramı üzrə danışıqlara qayıdılması və təcili atəşkəsin elan edilməsini tələb etdiyini açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi vəziyyəti “həddindən artıq kritik” adlandırıb. Vanq Yi İsrailin son hərbi əməliyyatlarının regionda gərginliyi daha da artırdığını və böhranın nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Çin tərəfi eyni zamanda İran və İsrail arasında atəşkəsə dair Misirin çağırışlarını dəstəklədiyini bildirib. Qarşıdurma artıq yeddinci gününə qədəm qoyub.
ANEWZ
Gülhüseynova Güllər