İran danışıqlara hazırdır-Fransa

Tarix: 19:39 19.06.2025
Fransa Xarici İşlər Nazirliyindən bildirilib ki, İran tərəfi atəşkəsin əldə ediləcəyi təqdirdə danışıqlara hazır olduğunu bildirib. "İrandan danışıqlara hazır olduğunu bildirən açıq siqnallar aldıq”, - məlumatda qeyd olunub.
Mövzu ilə əlaqədar politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın bu sözlərinə etimad etmək olar:
“Bu səhər Tramp da bildirmişdi ki, İran mesaj verir. Amma Tramp səhər bir söz deyir, günorta bir söz deyir, axşam səhər dediyi sözü təsdiqləmir. Amma Fransadan gələn bu mesaj artıq həqiqətən də İranın danışıqlara, atəşkəsə meyilli olduğunu göstərir. Düşünmürəm ki, Fransa bunu İranın xəbəri olmadan və yaxud İranla məsləhətləşmədən deyər. Təbii ki, bu belə deyil. İran, görünür, Fransanın vasitəçiliyindən istifadə edir. Ümumiyyətlə, Lenin necə Avropadan gəldi, Xomeyni də eynən Avropadan gəldi və dövlətin başına inqilab, dövlət çevrilişi və s. yolu ilə keçdi. İran çətin durumdadır və Amerikanın qoşulmasını istəmir. Görünür ki, İsrail də Amerikanı müharibəyə qoşulmağa itələyir. Amerika rəsmən qoşulsa, İran üçün daha çətin olacaq və Britaniya Baş naziri də Amerikanın tərəfinə qoşulacaq. Yəni bu, İran üçün ciddi təhlükədir və görünür ki, İran atəşkəs əldə edib, danışıqlarla məsələni uzatmaq istəyir və hansısa məxrəcə gəlmək istəyir. O ki qaldı Fransaya, Fransa dünyada öz önəmini göstərmək istəyir. Ümumiyyətlə, Makronda bir kompleks var. Fransa mediası bu kompleksi bir az da çoxaldıb. Onu həmişə tənqid edirlər ki, sən həmişə geridə qalırsan, onu müqayisə edirlər Ərdoğanla, Putinlə və s. Həmişə Makronu daha aşağıda göstərirlər. Amma Fransa kifayət qədər ciddi dövlətdir. Amerika, ümumiyyətlə, dünyanın hələ də bir nömrəli super gücüdür. Tramp və yaxud da Makron bizə o qədər də ciddi görünməyə bilər. Amma onların təmsil etdiyi ölkələr çox ciddi ölkələrdir və bu ölkələrin də təsiri, güc imkanları çoxdur və çalışırlar ki, hərə öz dövlət maraqlarına uyğun olaraq güc imkanlarını danışıqlarını, təsirlərini işə salıb istifadə etsinlər”.
Lalə Qurbanlı