Yaxın Şərqdəki vəziyyət müzakirə edilib

Bölmə: Siyasət › ,
Tarix: 19:48 19.06.2025

 

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya və Çin artıq strateji tərəfdaşlıq çərçivəsində addımlar atırlar:

 

"Bu iki dövlət dünyanın çoxqütblü tərəfdarlarıdır. Rusiya ikinci qlobal güc mərkəzinə çevrilib. Rusiya ilə Çinin Yaxın Şərqdə baş verənləri müzakirə etməsi təbii qarşılanmalıdır. Belə ki, savaşın tərəflərindən olan İran Çin və Rusiyanın strateji tərəfdaşı mövqeyindədir. Hər iki ölkənin bölgədə çox ciddi maraqları var. Çinin Körfəz ölkələri ilə kifayət qədər yüksək əlaqələri var. Çin enerji ehtiyaclarının çox əhəmiyyətli hissəsini məhz bu bölgədən təmin etməkdədir. Bu da bölgənin mühüm əhəmiyyətə malik olduğunu göstərən əsas əlamətlərdən biridir. Rusiyanın bölgədə tarixən uzun müddətdən bəri maraqları olub. Hazırda Rusiya Ərəb ölkələri ilə əlaqələri yaxşılaşdırmaqdadır. Bu savaşda İsrailin əsas dəstəkçiləri ABŞ və Qərb ölkələridir. Bu da Rusiya və Çinin məsələyə müdaxilə etmələrini təbii olaraq şərtləndirir. Eyni zamanda, bu, qlobal güclərin mübarizəsinin bir forması kimi ortaya çıxır".

 

Aygün Babayeva