Ankara Yaxın Şərqdə sülh naminə ümumi səylərə çağırır

Bölmə: Dünya › ,
Tarix: 22:03 25.06.2025

Ankara İsrail və İran arasında atəşkəsin davamlı sülhə çevriləcəyinə ümid edir.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan brifinqdə çıxışı zamanı bildirib.

 

“Yaxın Şərqdə sülhün təmin olunması üçün hər kəs öz töhfəsini verməlidir”, – deyə Türkiyə lideri vurğulayıb.

 

Dövlət başçısı bildirib ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın səyləri ilə əldə olunmuş İsrail və İran arasındakı atəşkəsi alqışlayır.

Əlavə edib ki, Ankara tərəflərdən ABŞ Prezidentinin atəşkəsə əməl olunması çağırışını qeyd-şərtsiz yerinə yetirmələrini gözləyir.

 

Onun sözlərinə görə, İsrail və İran arasında son hərbi gərginlik regionu çox ciddi risklərin astanasına gətirib çıxarıb. Ərdoğan qeyd edib ki, Türkiyə böhran başladığı ilk gündən etibarən aktiv diplomatik əlaqələr qurub.

 

Türkiyə lideri vurğulayıb ki, “İsrailin təhlükəsizliyi də daxil olmaqla, region ölkələrinin təhlükəsizliyi qonşularla sabitlik, sülh və rifahdan asılıdır”.

“O, əlavə edib ki, İranla uzunmüddətli anlaşma yalnız diplomatiya və danışıqlar yolu ilə mümkündür, çünki bölgədə müharibənin və dağıntıların heç nəyə gətirib çıxarmadığına dair kifayət qədər nümunə var”, – deyə prezident bəyan edib.

 

Anadolu Agency

Ayan Əsgərova