İspaniya NATO müdafiəsində açar ölkə olaraq qalacaq

Bölmə: Dünya › ,
Tarix: 22:05 25.06.2025

İspaniyanın Baş naziri Pedro Sançes NATO sammitində müdafiə xərclərinin ÜDM-in 5%-nə çatdırılması təklifinə qarşı çıxaraq bildirib ki, İspaniya NATO müdafiəsində əsas ölkə olaraq qalacaq.

 

Bu məsələ NATO sammitində əsas prioritetlərdən biridir.

 

Sançes “X” sosial şəbəkəsində Haaqada keçirilən NATO sammitindən fotolar paylaşaraq yazıb:

“İspaniya Avropa və transatlantik müdafiə arxitekturasında əsas oyunçu olub və olacaq. Bu, bizim öhdəliyimizdir və mən bu gün NATO sammitində bunu bir daha vurğulayıram”.

 

22 iyun tarixli açıqlamasında Sançes bildirib ki, Madrid NATO baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərinin ÜDM-in 5%-nə çatdırılması tələbini qəbul etmir. O, bunu belə əsaslandırıb: “Bu, sosial dövlət anlayışı və İspaniyanın dünyagörüşü ilə uzlaşmır”.

 

NATO baş katibi Rutte və ABŞ Prezidenti Tramp Sançesin İspaniyanın müdafiə xərclərini 2.1%-ə qədər artırmağa razılaşması ilə bağlı fikirlərinə münasibət bildiriblər.

 

Haaqadakı sammitə gedərkən təyyarədə Tramp jurnalistlərə deyib: “İspaniya problemdir. NATO-nun onlarla bağlı çətinlikləri var və bu, digər tərəfdaşlara qarşı böyük ədalətsizlikdir”.

 

Anadolu Agency

Ayan Əsgərova