Ekvadorun ən çox axtarılan cinayətkarı “Fito” tutulub

Tarix: 15:52 26.06.2025
Ekvadorun ən təhlükəli cinayətkarlarından biri, “Fito” ləqəbli Xose Adolfo Macias 18 aylıq axtarışdan sonra nəhayət ələ keçirilib. Prezident Daniel Noboa onun ABŞ-yə ekstradisiya ediləcəyini açıqlayıb.
Macias narkotik alveri, qətl, silah qaçaqmalçılığı və digər ağır cinayətlərə görə axtarılırdı. 2024-cü ilin yanvarında 34 il cəza çəkdiyi Quayaquil həbsxanasından qaçandan sonra ölkədə geniş iğtişaşlar, partlayışlar, prokurorun qətli və canlı yayımda TV kanalına hücum kimi hadisələr baş verib. Nəticədə Noboa fövqəladə vəziyyət rejimi tətbiq edib və Maciasın tutulması üçün böyük polis və ordu qüvvəsi səfərbər edilib.
Prezident Noboa “Bu əməliyyatda iştirak edən polisimizi və hərbçilərimizi tanıyıram. Daha çox düşəcək, ölkəni geri alacağıq. Atəşkəs yoxdur” sözləri ilə sərt mövqe nümayiş etdirib. O, Maciasın tutulmasına kömək edənə 1 milyon dollar mükafat vəd edib. ABŞ Maliyyə Nazirliyi 2024-cü ilin fevralında həm Macias, həm də onun rəhbərlik etdiyi Los Çoneros dəstəsinə narkotik ticarəti və zorakılığı yaydığına görə sanksiyalar tətbiq edib.
All Jazeera
Qəmər Kazımzadə