Elm ulduzları arasında Azərbaycan imzası-Nəsrəddin Tusi

Bölmə: Sosial › ,
Tarix: 15:55 26.06.2025

Bu gün bəşər elminin nəhəng simalarından biri – Nəsrəddin Tusinin vəfatının ildönümüdür. O, XIII əsrdə yaşayıb və zəmanəsinin fövqündə duran bir alim olaraq yalnız dövrünü deyil, gələcək əsrləri də işıqlandırıb. Tusi təkcə Azərbaycan elminin deyil, ümumilikdə bəşəriyyətin fəxridir. Astronomiya, riyaziyyat, fəlsəfə, məntiq və əxlaq kimi müxtəlif sahələrdə dərin iz qoymaq yalnız dahi şəxsiyyətlərin nəsibidir – Tusi də məhz bu nadir adamlardan idi.

 

Tus şəhərində dünyaya göz açan Tusi ilkin təhsilini atasından alıb, sonralar isə dövrünün tanınmış elm mərkəzlərindən olan Nişapurda təhsilini davam etdirib. O, burada yalnız elmi biliklər toplamaqla kifayətlənməyib, eyni zamanda onları özünəməxsus yanaşma və metodlarla zənginləşdirib.

 

 

“Əxlaqi Nasiri” əsərində o, təkcə əxlaq dərsi vermir, insanın mənəvi təkamülünü, cəmiyyətin sağlam təməllər üzərində qurulmasının vacibliyini və ailə münasibətlərində mənəvi məsuliyyət anlayışını dərin fəlsəfi təhlillərlə izah edirdi. Bu əsər əsrlər boyu Şərqdə əxlaq dərsliyi kimi oxunub.

 

26 iyun 1274-cü ildə Bağdadda vəfat edən Nəsrəddin Tusi özündən sonra zəngin elmi və mənəvi irs qoyaraq, adını zamanın fövqündə yaşatmağı bacardı. O, yalnız səmanı öyrənməklə kifayətlənmədi – insan ruhunu, əxlaqını və düşüncəsini də tədqiq edərək əsl alimin necə olmalı olduğunu nümayiş etdirdi.

 

Nigar Həsənzadə