Futbolçular və məşqçilərin duyğu dolu anları

Bölmə: Sosial › ,
Tarix: 21:27 26.06.2025

 

“Qarabağ” Futbol Klubu işğaldan azad olunmuş torpaqları ziyarət edərək, tarixi və mənəvi dəyərlərlə birbaşa tanış olub. Futbolçular, məşqçi heyəti və klubun rəsmiləri bu səfərdə Azərbaycan xalqının qələbə ruhunu və torpaqlarımızın yenidən canlanmasını hiss ediblər.

 

Mövzu ilə bağlı Qarabağ Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev " İnformator.az"a açıqlamasında bildirib ki, futbolçuların bu səfərdə iştirak etməsi onların mənəvi-psixoloji inkişafı və sosial məsuliyyət hissi baxımından müsbət nəticə verib:

 

"Klubumuzun rəhbərliyi və məşqçi heyəti üçün bu səfər həm rəsmi, həm də mənəvi baxımdan əhəmiyyətli olub. Heyətimiz səfər zamanı işğaldan azad olunmuş bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar və yerli ictimaiyyətlə bir sıra görüşlər keçiriblər. Şuşada və Füzulidə məktəblilərlə və şəhər sakinləri ilə, Xankəndidə Qarabağ Universitetinin kollektivi ilə, Ağdamda azarkeşlərlə keçirilən görüşlər Qarabağ FK-nın azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən əhali ilə əlaqələrinin gücləndirilməsi baxımından mühüm addım olub. Doğma torpaqlarımıza ayaq basmaq klubumuzun hər bir üzvü üçün həm peşəkar, həm də şəxsi mənada dərin təəssüratlar buraxıb. Bizim üçün bu addım adını daşıdığımız torpaqlara sadəcə fiziki səfər deyil, ən əsası illərlə həsrətində olduğumuz və mənsubiyyət daşıdığımız ərazilərimizə mənəvi qayıdışdır.

 

Futbolçularımız üçün bu səfər tamamilə fərqli bir təcrübə qazandırıb. Bu, bəzi oyunçularımızın azad olunmuş ərazilərimizə komanda ilə ikinci səfəri olub. Dağıdılmış, lakin yenidən dirçələn şəhərləri – Füzuli, Xankəndi, Şuşa və Ağdamı görmək, həmin torpaqlarda sakinlərlə görüşmək, onlarla ünsiyyətdə olmaq, “İmarət” meydanında azarkeşlərin sevinci ilə qarşılaşmaq – bütün bunlar onların motivasiyasını daha da artırıb. Azad olunmuş şəhərlərdə bərpa işlərinin sürəti, təhsil ocaqlarında uşaqların marağı və azarkeşlərin doğma komandaya münasibəti oyunçulara Qarabağ adını daşımağın məsuliyyətini daha dərindən hiss etdirib. “İmarət” Kompleksi ətrafında yüzlərlə sakinin coşqu ilə komandanı qarşıladığı anlar, kubokun onlara təqdim olunması zamanı yaşanan sevinc və qürur hissi idmançıların motivasiyasını gücləndirən nüanslardan biri olub".

 

Ekspert bu möhtəşəm səfərin idman və vətənpərvərlik baxımından komandada yaratdığı hisslərdən də söz açıb:

 

"Bu səfər klubumuz üçün həm rəmzi, həm də praktik olaraq çox önəmli idi. Klub olaraq hər zaman Qarabağ adını uca tutmağa çalışmışıq, amma bu dəfə həmin torpaqlarda addımlamaq, xalqla birlikdə qələbə ruhunu hiss etmək bizim üçün xüsusi anlam daşıyır. İdman təkcə nəticə deyil – ruh, birlik və tarixdir. Bu səfərlə biz bu mesajı daha da gücləndirdik. Klubun bölgədəki məktəblərlə, ali təhsil müəssisələri ilə təmasda olması və yerli ictimaiyyətlə birbaşa ünsiyyəti həm vətənpərvərlik, həm də sosial inteqrasiya baxımından önəmli idi. Eyni zamanda, bu səfər idmanın cəmiyyətlə bağlarını daha da gücləndirib.

 

Klubumuz bu səfərlə yalnız futbol meydanında deyil, həm də mənəvi dəyərlər müstəvisində Qarabağ adına sadiqliyini nümayiş etdirib. "Qarabağ" FK adına və mənsub olduğu torpaqlara bağlılığını bir daha vurğulayıb.

Klubumuz Qarabağ məfkurəsinin yalnız simvolik deyil, real və dinamik bir hissəsi olduğunu göstərib".

 

Məmmədova Nəzrin