“Ermənistan artıq Avropa İttifaqına üzv olmaq üçün addımlar atır”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 10:37 01.07.2025

Ermənistan və Avropa İttifaqı (Aİ) müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı rəsmi müzakirələrə start verib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmrəliyev bildirir ki, Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Kkolatının Ermənistana səfəri bir neçə aspektdən dəyərləndirilməlidir:

 

“Birinci növbədə bu, Avropa İttifaqı ilə Ermənistan arasındakı münasibətlərin inkişafına ciddi şəkildə töhfə verəcəyi addımdan məlum olduğu kimi, Ermənistan artıq Avropa İttifaqına üzv olmaq üçün addımlar atır və bu da təbii ki, ittifaqla Ermənistan arasında müəyyən danışıqların aparılmasını zəruri edir. Ermənistan həmçinin bununla bağlı üzərinə götürdüyü müəyyən öhdəliklər var ki, Avropa rəsmiləri zaman zaman Ermənistana səfər edərək Ermənistanın bu öhdəliklərə nə dərəcədə riayət etdiyini yoxlamağa çalışırlar. İkinci bir məsələ isə Ermənistanın Qərblə münasibətlərinin normallaşdırılması, həmçinin bu ölkənin NATO-ya doğru inteqrasiyası prosesini sürətləndirəcək addımdır. Yəni Avropa İttifaqı ilə münasibətlərin irəli doğru aparılması, sözsüz ki, NATO-ya üzvlüyə hazırlıq mərhələsi kimi istifadə edilə bilər. Ancaq təbii ki, Rusiyanın aqressiyasını çəkməmək üçün Ermənistan hələki NATO-ya üzvlüyünü rəsmi şəkildə bəyan etməyib. Ancaq bunun indiki hökumətin prioritet siyasəti olduğu məlum bir məsələdir”.

 

Həmçinin şərhçi Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizlik rolunun artırılmasından da danışıb:

 

“Məlum olduğu kimi, İran-İsrail müharibəsinin başlanması, həmçinin Rusiyanın regionda təhdidvari siyasət yürütməsi, Avropa İttifaqını da bu regionda güclənməyə vadar edib. İttifaq əvvəlcə Gürcüstan vasitəsilə regionda möhkəmlənməyə çalışırdı. İndi isə bu siyasəti məhz Ermənistan vasitəsilə həyata keçirir. Yəni Ermənistan hazırda Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi maraqlarını təmin edən əsas aktyor rolunda çıxış edir. Bu əməkdaşlıq Rusiya Ermənistan münasibətlərinə nə dərəcədə təsir göstərəcək? Bu baxır inkişaf mərhələsində. Əgər Ermənistan Avropa İttifaqına üzv olmaq üçün real şansı yaranarsa, o zaman Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsi gündəmə gələ bilər. Yəni Ermənistan Rusiyanır ortbitinə daxil olan blokdan rəqibi olan bloka keçid edir ki, bu, Rusiya-Ermənistan münasibətlərinə çox ciddi şəkildə təsir göstərə biləcək amildir”.

 

Aysel Mirzəyeva