Fransanın neokolonial təsir dairəsini qorumaq cəhdləri

Tarix: 15:41 07.07.2025
"İnformator.az" "Report"a istinadən xəbər verir.
Fransa hökumətinin müstəmləkəçilik siyasəti günümüzdə bir sıra dövlətlərin tənqid hədəfinə çevrilib. Rəsmi Paris Şimali Afrika və Levant bölgələrindəki keçmiş müstəmləkəçilik irsini davam etdirir, bu regionlarla “tarixi və mədəni əlaqələri”nə istinad etməyə çalışır. Əslində isə bu, neokolonial tendensiyaların və təsir dairəsini qorumaq cəhdlərinin üstüörtülü davamı deməkdir.
Fransa ələ keçirdiyi əraziləri amansızcasına istismar edib, oradan təbii sərvətləri daşımaqla məşğuldur. Əldə edilən bol xammal, ucuz işçi qüvvəsi bu ölkənin iqtisadiyyatı və sənayesi üçün vazkeçilməz mənbədir. Bu gün də belə ölkələrin iqtisadiyyatının güclü olması, əhalisinin zəngin yaşaması məhz müstəmləkə ərazilərinin istismar edilməsinin nəticəsidir.
Maraqlıdır ki, Fransanın ərazisi 551.500 kvadratkilometr olsa da, Beşinci Respublikanın ərazisi bundan xeyli böyük, yəni 1 milyon 111 min 155 kv.km-dir. Yəni, 559 min 655 kv.km-lik ərazi müstəmləkə altında inildəyən ölkələr, adalardır. Fransa bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır. Müstəmləkə ərazilərin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır.
1960-cı ildə Madaqaskar müstəqillik əldə etdiyi zaman Fransa karbohidrogenlərlə zəngin arxipelaqı özünün xarici ərazilərinə çevirməyi təmin etdi. BMT buna qarşı çıxsa da, rəsmi Paris hələ də mövqeyindən dönmür. Epars adaları isə 1960-cı ildə Madaqaskarın müstəqilliyi ərəfəsində Fransa tərəfindən ələ keçirilib. Buna səbəb strateji mövqe və karbohidrogen ehtiyatlarıdır.