"Bitcoin" məzənnəsində yeni rekord-Rəqəmsal valyuta nə dərəcədə etibarlıdır?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:34 14.07.2025

"Bitcoin" 120 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

Belə ki, "Bitcoin" artımını davam etdirərək 121 min dollar həddini keçib və 121 014.73 dollar səviyyəsinə yüksəlib.

 

Xatırladaq ki, "Bitcoin"in qiyməti sonuncu dəfə 2025-ci il mayın 22-də 111 980 dollara qədər yüksələrək həmin dövrdə bütün zamanların ən yüksək həddinə çatıb. Mütəxəssislər "Bitcoin"in artımını ABŞ Prezidenti Donald Trampın kriptovalyuta bazarının inkişafı ilə bağlı təşəbbüsləri, eləcə də digər ölkələrdən ona marağın artması ilə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, məlumdur ki, kriptovalyutaların heç biri konkret bir ölkəyə və ya bank sisteminə bağlı deyil:

 

"Bəli, bəzi ölkələrin mərkəzi bankları artıq öz rəqəmsal valyuta layihələrini həyata keçirməkdədir. Lakin burada söhbət xüsusilə Bitcoin-dən gedir. Bu valyuta nə bir dövlətin nəzarətindədir, nə də hər hansı bank sisteminə bağlıdır. Məhz bu müstəqillik, eyni zamanda onun ən böyük risk mənbəyidir.

 

Bitcoin və digər kriptovalyutalar tamamilə internet üzərindən fəaliyyət göstərən rəqəmsal ödəniş vasitələridir. Bu sistemin ən zəif nöqtəsi də məhz budur: əgər hər hansı texniki səbəbdən sistem fəaliyyətini dayandırarsa, kriptovalyuta ilə aparılan bütün əməliyyatlar da dayanır. Yəni hər şey bir düyməyə bağlıdır.

 

Gələcəkdə mərkəzi bankların rəqəmsal valyutalarının dövriyyəyə buraxılması gözlənilir. Belə rəqəmsal valyutalar dövlət təminatına malik olduğu üçün daha etibarlı və geniş istifadə imkanlarına sahib olacaq. Məsələn, əgər ABŞ dollarının rəqəmsal versiyası yaradılarsa, bu, daha sabit və güvənli sistem kimi qəbul edilə bilər. Bununla belə, hələlik dünya liderləri və iri iqtisadi mərkəzlər müstəqil kriptovalyutaların inkişafına daha çox diqqət yetirirlər. Bu sahədə isə liderlik mövqeyini Bitcoin qoruyur.

 

Hazırda kriptovalyutaların qiymətində müşahidə olunan rekord artımlar qlobal iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Sürətli və çevik ödəniş sistemlərinə olan ehtiyac artdıqca, kriptovalyutalara maraq da yüksəlir. Bu valyutalar saniyələr içində ödəniş həyata keçirmək imkanına malikdir ki, bu da onları müasir iqtisadiyyat üçün cəlbedici edir".

 

İqtisadçı əlavə edib ki, kriptovalyutalar hazırda özlərinə etibar qazanmağa çalışır:

 

"Onlar qlobal maliyyə sistemində öz seqmentlərini formalaşdırmaq və istifadəçilərin etimadını qazanmaq istəyirlər. Hazırda bu sahədə fəaliyyət göstərən şəxslər və şirkətlər qaranlıq, manipulyativ və fırıldaq imkanlarından istifadə etmirlər. Amma texniki baxımdan bu imkanlar çox genişdir və istənilən vaxt sistem vasitəsilə istifadəçiləri aldatmaq mümkündür.

 

Məsələn, elə üsullarla ödəniş manipulyasiyası aparıla bilər ki, nə əməliyyatı icra edən şəxs, nə də istifadəçi bu saxtakarlığı dərhal hiss edə bilsin. Bu da göstərir ki, kriptovalyuta sistemi hər nə qədər şəffaf görünsə də, müəyyən risklər daşıyır. Lakin hazırda bu imkanlardan sui-istifadə edilməməsinin əsas məqsədi bazarı genişləndirmək və etibar qazanmaqdır.

 

Unutmaq olmaz ki, bir dəfə aldanan istifadəçi növbəti dəfə, nə qədər sürətli və texnoloji olsa da, bu sistemə etibar etməyəcək. Bu isə kriptovalyutaların inkişafını ciddi şəkildə əngəlləyə bilər.

 

Nəticə olaraq, kriptovalyutalar hələ də inkişaf mərhələsindədir və gələcəkdə bu sahədə hansı istiqamətdə dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq çətindir".

 

Aytən Ağazadə