Azərbaycanda mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək

Bölmə: Sosial › ,
Tarix: 16:46 14.07.2025

Azərbaycanda Torpaq Məcəlləsində mühafizə zonalarına nəzarət mexanizmləri və torpaq sahələrinin konsolidasiya ilə bağlı dəyişikliklər gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclasında bildirilib.

 

İclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, məcəllənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, konsepsiyanın işlənməsi istiqamətində geniş müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev iclasda bildirib ki, torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə tənzimlənməsi, torpaqların idarə olunması, istifadəsinə nəzarət və mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Müzakirələr zamanı Torpaq Məcəlləsinin yeni konsepsiyasında müasir çağırışlar, xüsusilə iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə yol verilməməsi, torpaqlardan təyinatdan kənar istifadə hallarının qarşısının alınması, mühafizə zonalarına riayət edilməsi və bu sahədə yeni nəzarət mexanizmlərinin yaradılması, eləcə də torpaq sahələrinin konsolidasiyasının əks olunması məqsədəuyğun hesab edilib. İclasda iştirak edən müxtəlif dövlət qurumlarının nümayəndələri öz sahələri üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdırıblar. Həmçinin torpaqların kadastr uçotu və idarəçiliyinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb.