Taksi xidmətlərində üz tanıma tətbiqi

Bölmə: Sosial › ,
Tarix: 16:59 14.07.2025

“Bolt”, “Uber” və “Yango” sürücüləri artıq SİMA-nın üztanıma texnologiyası ilə yoxlanılacaq. Bu sistem qeyri-qanuni sürücülərin qarşısını almaq, təhlükəsizliyi artırmaq və şəffaflıq yaratmaq məqsədi daşıyır.


Bu mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu "İnformator.az"a bildirib ki, əslində, çox yaxşıdır:


"Çünki başqa cür belə görürük ki, AYNA da mübarizə apara bilmir. Görürsünüz, hər dəfə hadisələr olanda, əksəriyyəti də məlum olur ki, bunlar qeyri-qanuni işləyənlərdir və bir adla qeydiyyatdan keçirlər, digərindən isə sürürlər. Taksi parkları da onlara şərait yaradır.


Ona görə əgər bunu tətbiq edə bilsələr, çox əla bir taksi parkı ola bilər və müəyyən qədər say baxımından təsir edər. Amma keyfiyyət də artacaq. Bizə bu gün bu lazımdır. Çünki görürük ki, bu qədər dəyişiklikdən sonra da keyfiyyətlə bağlı narazılıq kifayət qədər yüksəkdir.


Ona görə, hər halda bu, əvvəlcə müəyyən qədər hiss oluna bilər ki, taksi sayı azalıb. Amma sonradan bu, yerinə oturacaq, ondan qorxmağa ehtiyac yoxdur. Təbii ki, həm sərnişin təhlükəsizliyi üçün də bu kifayət qədər yaxşı addımdır.


Əslində, buna taksi sürücüləri özləri məcbur elədilər. Düzdür, hamısına aid deyil, amma deyək ki, 30 faiz belə sürücü var idisə, artıq digərləri də onların güdazına gedir. Yəni yenə də düzgün işləyənlər üçün heç nə dəyişmir. Qoy digərləri narahat olsunlar".


Xəlilli Nigar