Qürurla xatırlanan igidlər – Polad Həşimov və İlqar Mirzəyev

Bölmə: Sosial › ,
Tarix: 18:33 14.07.2025

Bu gün Azərbaycan xalqı üçün hüzn və qürurun bir araya gəldiyi bir tarixdir. 2020-ci ilin iyul ayının 14-də Tovuz döyüşlərində şəhid olan General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyevin igidliyi və fədakarlığı ilə artıq 5 ildir ki, milli yaddaşımızda silinməz iz buraxılıb.

 

Bu iki vətən sevdalısı zabit sadəcə vəzifəsini icra etmirdi – onlar əsl qəhrəman, əsl lider və əsl insan idilər. Onlar üçün “ön cəbhə” təkcə döyüş meydanı deyil, vətənə sədaqət, əsgərlərinə ata, xalqına güvən simvolu idi. Onlar öndə gedirdi, geri yox... Düşmənin mərmisi bir generalın və polkovnikin cəbhənin ön xəttində olmasına təəccübləndirmiş ola bilər. Amma biz təəccüblənmədik – çünki onların ömür yolunda hər addım, hər fədakarlıq məhz buna – vətən uğrunda sonadək getməyə hesablanmış idi.

 

Polad Həşimov ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri olub. İyulun 14-də onun şəhid olmasından sonra əsgərləri və xidmət yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.Polad Həşimovun şəhid olmasının açıqlanmasından sonra, iyulun 14-dən Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan ediblər.Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonuna səfəri zamanı Polad Həşimovun adının əbədiləşdirilməli olduğunu bildirib və bununla bağlı göstəriş verib.

 

Keçmiş unudulmur , unudulmayacaq.. Azərbaycan dövlətinin tarixi çox böyükdür və biz dövlətimiz üçün tarixdən bəri çalışmış və həmişə müstəqilliyimiz uğrunda canımızdan belə keçməyə hazır olmuşuq.

 

Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də igidlik simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan İlqar Mirzəyevdir.İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub. 1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb.2019-cu il, fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul, 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanıb.

 

Vətənimiz və bayrağımız uğrunda minlərlə igidlərimiz öz canını fəda edib. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasından 5 il ötür.Ancaq biz bu 5 ildə bir şeyi bir daha dərk etdik – Polad Həşimovlar, İlqar Mirzəyevlər unudulmur. Onların ruhu bu torpaqda, bu havada, bu səmada yaşayır. Onlar bu vətənin sinəsinə yazılmışdır.Qəhrəmanlarımızı dərin ehtiramla anırıq. Ruhları qarşısında baş əyirik.

 

Nəzrin Məmmədova