Zəngəzur dəhlizi: Geoiqtisadi fürsət, yoxsa siyasi çəkişmə?

Tarix: 17:40 21.07.2025
Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq, konsensus yolu ilə bu məsələ həll edilə bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib:
"Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin", – Türkiyə Prezidenti əlavə edib.
"İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verib. O, boru kəmərini mümkün qədər tez tikmək və ondan həm Azərbaycan, həm də region üçün istifadə etmək istəyib. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün qarantiyasına çevrilə bilər:
"Həm siyasi, həm də iqtisadi–ticari əlaqələri inkişaf etdirə, yeni maraqlar cəlb edə bilər ki, bu da ümumi işin xeyrinədir. Bölgə dövlətləri və digər maraqlı, aidiyyəti ölkələr bu dəhlizdən faydalandığı halda, şübhəsiz ki, maraqları naminə sabitlikdə də maraqlı olacaqlar. Zəngəzur yolu regiondan kənar ərazilərə çıxış qazandırmaqla ticarəti canlandıra bilər. Məqsəd sülh, sabitlik və təhlükəsizlik şəraitində iqtisadi, ticari əlaqələri gücləndirməkdir. Türkiyənin də bu dəhlizə marağı böyükdür. Çünki sözügedən iqtisadi, ticari əlaqələrin və Türkiyə vasitəsilə digər bölgələrə çıxışın daha geniş və əhatəli təşkil olunmasına zəmin yaranacaq. Azərbaycanla yanaşı, eyni zamanda Ermənistanla da əlaqələrin inkişafına səbəb olacaq ki, bu da geosiyasi yöndən Türkiyənin nüfuz dairəsinin genişlənməsinə gətirib çıxaracaq. Azərbaycanla coğrafi cəhətdən daha da əlverişli əlaqələr əldə edən Türkiyə bunun vasitəsilə digər türk dövlətləri ilə mümkün əlaqələrini asanlıqla inkişaf etdirə biləcək. Konsensus yolu ilə dəhlizin həlli mümkün ola bilər. Bu, eyni zamanda Rusiya və İranın əsassız etirazları və maneələrinin əhəmiyyətini itirdiyini də ortaya qoyacaq. Zəngəzur dəhlizinin əhəmiyyətinə görə açılmasını istəyənlər daha çoxdur, nəinki əleyhinə olanlar. Narazılıq edənlərin əsaslı arqumentləri yoxdur. İnkişafa, sülhə, sabitliyə, iqtisadi–ticari əlaqələrin genişləndirilməsinə vəsilə olacaq bir yolun açılması kimə problem yarada bilər ki? Təbii ki, heç kimə. Ancaq bu inkişafı, sülh və sabitliyi istəməyənlər dolayı yollarla əsassız bəhanələr gətirib problem yaratmağa cəhd ediblər. Hesab edirəm ki, Ermənistan Türkiyə və Azərbaycanla bu məsələdə tam razılığa gəlsə, dəhlizin açılmasına kənar təsirlər minimuma enəcək. Əsas olan odur ki, konsensus üçün vahid mövqe ortaya qoyulsun. Azərbaycan qətiyyətlə dəhlizin açılmasını istəyir və bu yöndə işlər aparıb. Türkiyə də həmçinin. Gah ABŞ-nin, gah Rusiyanın, gah da Avropanın diktəsinə uyub qəti mövqe ortaya qoymur. Ancaq düşünürəm ki, proseslərin gedişi Ermənistanı buna məcbur edəcək və dəhliz məsələsi yaxın zamanda müvafiq həllini tapacaq".
Aygün Babayeva