İranın Cənubi Qafqazla bağlı mövqeyi-Geosiyasi narahatlıqlar

Bölmə: Siyasət › ,
Tarix: 20:50 21.07.2025

İran rəsmisi Cənubi Qafqazdakı əlaqələr, nəqliyyat marşrutları, keçidlər və keçid məntəqələri ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai iyulun 21-də keçirdiyi mətbuat konfransında bildirib.

 

“Bölgə ölkələri arasında mübadilələrin, əlaqələrin genişləndirilməsini dəstəkləmişik və eyni zamanda vurğulamışıq ki, bu tədbirlərin və keçid məntəqələrinin yaradılması suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmamalı, bölgənin geosiyasətində dəyişikliklər etməməlidir”, - İ. Baqai qeyd edib.

 

Onun sözlərinə görə, bəzi hallarda Qafqaz bölgəsindəki digər ölkələrin bəyanatları və mövqeləri yanlış şərh edilə bilər: “Bu məsələdə mövqeyimiz aydındır və biz bunu dəfələrlə ifadə etmişik”.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, onun belə deməsi təəccüblü deyil:

 

"İranın Avropaya çıxışı məhz Ermənistan vasitəsilə həyata keçirilib. Bu müddət ərzində Ermənistan həm nəqliyyat kəsintisi ilə üzləşə, həm də maddi itkilər verə bilər. Çünki əgər bu yol açılarsa, Mərkəzi Asiya dövlətləri bu yol vasitəsilə Avropaya gedib çıxa bilərlər. İran üzərindən ticarət həyata keçirildiyinə görə gömrük rüsumları ölkə büdcəsinə daxil olub. Geosiyasi vəziyyətin dəyişməsi İran tərəfindən potensial bir tərkib kimi qəbul edilib. Danışıqlarda kommunikasiyaların açılması zamanı qarşıdurmalar yaşana bilər".

 

Aygün Babayeva