İspaniyada quş sürüsü F-18 təyyarəsini təhlükəli manevrə məcbur edib

Tarix: 21:42 29.07.2025
İspaniya Hərbi Hava Qüvvələri bildirib ki, EF-18 Hornet döyüş təyyarəsi qarşısına çıxan quş sürüsünü gördükdən sonra "yayınma manevri" edib.
Şimal İspaniyada, Asturiyada keçirilən Gijón Hava Festivalı zamanı baş verən hadisə az qala faciə ilə nəticələnəcəkdi. Təyyarə aşağı hündürlükdə uçuş göstərisi zamanı qəfil manevr edərək dənizə doğru istiqamət götürüb, son anda istiqamətini dəyişib. Sosial şəbəkələrdə yayılan videolarda təyyarənin çevrilərək tüstü buraxdığı, sürətlə dənizə doğru endiyi və sonra ani şəkildə istiqamət dəyişdiyi görünür. San Lorenzo çimərliyində olan insanlar bu anı telefonlarına çəkərək qışqırıblar.
İspaniya Hərbi Hava Qüvvələri "X" platformasında verdiyi açıqlamada bildirib: "Bu hərəkət, pilotun və ictimai təhlükəsizliyin qorunması üçün standart protokoldur. Pilotlarımız gözlənilməz hadisələrə millisaniyələr içində reaksiya vermək üçün təlimlidir". Yerli mediaya görə, Gijón Hava Festivalına 300 mindən çox insan qatılıb. Tədbirdə Hava və Kosmik Qüvvələr, Axtarış və Xilasetmə Xidməti, Donanma və Milli Polis nümayişlər keçirib.
Euronews
Billurə Quliyeva