Avstraliya Baş naziri Albanese, Fələstin Dövlətini tanıya biləcəyini deyib

Tarix: 18:47 30.07.2025
Avstraliya Baş naziri Entoni Albanese, Fələstin Dövlətini tanımaq üçün uyğun şəraitin yaranmasını gözlədiyini bildirib.
“ABC News”un xəbərinə görə, Albanese, Avstraliyanın Türkiyə ilə yanaşı 16 ölkə, Avropa İttifaqı (Aİ) və Ərəb Liqasının yaydığı “Nyu-York Bəyanatına” imza atmasından sonra çıxış edib.
O bildirib ki, Fələstin Dövlətinin tanınması, iki dövlətli həllin reallaşmasına töhfə verəcək uyğun şəraitin mövcud olduğu halda baş verə bilər. Albanese həmçinin qeyd edib ki, belə bir bəyanat yalnız bir dəfə verilə bilər.
“ABC News” Baş nazir Albanesenin bu mövqeyini Avstraliya siyasətində “tarixi bir dəyişiklik üçün zəmin yaradıb” kimi şərh edib.
Qeyd edək ki, bu gün Türkiyə və 16 ölkə ilə yanaşı Avropa İttifaqı (Aİ) və Ərəb Liqası tərəfindən yayımlanan “Nyu-York Bəyanatında” İsrailin Qəzzadakı mülki şəxslərə və mülki infrastruktur obyektlərinə qarşı hücumları, şəhərdəki mühasirə və aclıq pislənilib. Bəyanatda bu hücumların dağıdıcı humanitar fəlakətə yol açdığı vurğulanıb.
TRT XƏBƏR
Nuray Əliyeva