Bu il ali təhsil müəssisələrində pedaqoji ixtisasların sayı azaldılırmı?-Ekspert rəyi

Tarix: 19:17 31.07.2025
Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji – yəni müəllimlik ixtisaslarının sayının kəskin şəkildə azaldılması, hətta bəzi universitetlərdə bir sıra müəllimlik ixtisaslarının tamamilə ləğv olunması iddia edilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu iddialar doğrudur. Azərbaycanda 2025-ci il üzrə ali təhsil müəssisələrində pedaqoji ixtisasların sayının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı yayılan məlumatlar təhsil siyasətinin son illərdəki ziddiyyətlərini bir daha üzə çıxarır:
"Məsələ təkcə bəzi universitetlərdə bir sıra müəllimlik ixtisaslarının tamamilə ləğvi ilə məhdudlaşmır, həm də ölkədə müəllim hazırlığı prosesinin necə planlaşdırıldığını, əmək bazarının real tələbatının necə nəzərə alındığını və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə nə qədər hazırlıqsız olduğunu göstərir. Dövlət İmtahan Mərkəzinin 2025-ci il qəbul planı üzrə açıqladığı rəqəmlərə görə, ümumi plan yerləri 60 489 olsa da, pedaqoji ixtisaslar üzrə əvvəlki illərlə müqayisədə ciddi ixtisarlar aparılıb. 2023-cü ildə bu rəqəm 11 300-ə yaxın olduğu halda, bu il bəzi ixtisasların tamamilə dayandırılması fonunda plan yerləri 20-25 faiz azaldılıb. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsində müəllim hazırlığının keyfiyyətli təmin olunması dövlətin vəzifəsi kimi göstərilir və burada açıq şəkildə qeyd olunur ki, dövlət pedaqoji kadr hazırlığı sistemini milli və beynəlxalq standartlara uyğun təşkil etməlidir. Bu gün ixtisasların ixtisarı qərarının verilməsində əsas arqument kimi keyfiyyət göstəriciləri və zəif nəticə göstərən universitetlərin proqramlarının bağlanması göstərilsə də, məsələni dərindən təhlil etdikdə qərarın daha çox inzibati və maliyyə yükünü azaltmaq məqsədilə verildiyi görünür. Əgər məqsəd keyfiyyəti artırmaqdırsa, niyə həmin universitetlərdə tədris proqramları yenilənmir, müəllim heyəti üçün inkişaf proqramları keçirilmir, beynəlxalq təcrübə gətirilmir, əksinə ən asan yol seçilərək ixtisaslar bağlanır? Müsbət tərəf yalnız nəzəri olaraq bu qərarın keyfiyyət yönümlü yanaşmaya xidmət edə biləcəyi ehtimalıdır. Yəni zəif tədris proqramlarının ləğvi nəticəsində resurslar daha yaxşı nəticə verən universitetlərə yönəldilə bilər, rəqabət yarana bilər və nəticədə müəllim hazırlığında daha ciddi seçim mexanizmləri tətbiq oluna bilər. Lakin indiyə qədər təqdim edilən heç bir rəsmi sənəddə bu resursların necə yönəldiləcəyi, gələcəkdə müəllim hazırlığının necə daha keyfiyyətli olacağına dair konkret proqram yoxdur. 2024-cü ilin son hesabatlarına görə, ölkədə 3000-dən çox məktəbdə müxtəlif fənlər üzrə müəllim çatışmazlığı mövcuddur, xüsusilə regionlarda fizika, kimya, riyaziyyat müəllimlərinin sayı kritik həddədir. Bu şəraitdə pedaqoji ixtisas yerlərinin ixtisarı vəziyyəti yalnız daha da ağırlaşdıracaq, yeni müəllim nəsli yetişmədən təhsil sistemində boşluqlar artacaq".
Həmçinin ekspert bildirib ki, dünya təcrübəsində bu cür qərarlar daha elmi əsaslandırılan və proqnozlu şəkildə verilir:
"Finlandiyada və Estoniyada müəllim hazırlığı ilə bağlı plan yerləri hər il məktəblərdə faktiki müəllim çatışmazlığına, gələcək 5-10 illik demoqrafik proqnozlara əsasən tənzimlənir. Sinqapurda müəllimlik proqramına qəbul yalnız ehtiyac qədər aparılır, lakin bu ixtisaslara daxil olan tələbələr dövlət hesabına tam maliyyələşdirilir və ən yüksək tədris keyfiyyəti təmin olunur. Azərbaycanda isə plan yerlərində illərlə artım müşahidə olunduğu halda, indi birdən-birə kəskin azalma baş verir. Nəticədə təhsil siyasəti ardıcıllıqdan məhrumdur: əvvəlcə həddindən artıq kadr hazırlanır, sonra artıq kadr problemi bəhanə edilərək qəbul yerləri bağlanır, amma real tələbat nəzərə alınmır. Mənfi tərəflər var və bunların başlıcası strateji planlaşdırmanın olmamasıdır. Qərar ictimai müzakirə olunmur, müəllimlik ixtisasını seçmək istəyən abituriyentlər üçün maarifləndirici iş aparılmır, onların gələcək karyera perspektivləri barədə məlumat verilmir. Regionlarda kadr çatışmazlığı nəzərə alınmır və ən əsası, ixtisar olunan ixtisasların bəzilərinin gələcəkdə yenidən bərpasına ehtiyac yaranacağı qaçılmazdır. Bu, həm dövlətin resurs itkisinə, həm də təhsilin keyfiyyətinin daha da pisləşməsinə gətirib çıxaracaq. Bu yanaşma dəyişmədiyi müddətdə, pedaqoji ixtisasların kəskin azaldılması yalnız müvəqqəti statistik düzəliş kimi qalacaq və real islahat olmayacaq. Təhsil sistemi keyfiyyət problemi ilə üz-üzə qalacaq, müəllim peşəsi sosial statusunu itirəcək və gələcəkdə bu qərarların mənfi nəticələrini bütün ölkə daşımalı olacaq".
Nigar Həsənzadə

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.