Nadir xəstəliklər üçün dərman siyahısı genişlənib

Bölmə: Sosial › ,
Tarix: 19:27 31.07.2025

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısına dəyişiklik olunub. Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən, “Fabhalta/Fabhalta” adlı dərman siyahıya əlavə edilib. Bununla da siyahıdakı preparatların sayı 124-ə çatıb.


Səhiyyə Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, Səhiyyə Nazirliyinin Kollegiya qərarı ilə “Fabhalta/Fabhalta” adlı dərman vasitəsinin nadir xəstəliklər üçün dərman siyahısına daxil edilməsi, paroksizmal nokturnal hemoglobinuriya (PNH) xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi üçün əlavə imkanlar açır:


"Sözügedən siyahıya daxil edilmə həmin dərmanın ölkəyə dövlət qeydiyyatından keçmədən idxal edilməsinə hüquqi əsas yaradır. Bu isə xəstələrin həyati vacib preparatlara daha tez çıxış əldə etməsi üçün inzibati mexanizmin sadələşdirilməsi deməkdir.


“Fabhalta” dərman vasitəsi Avropa Birliyinin dərman vasitələrinin tənzimləyici orqanı olan Avropa Dərman Agentliyi (EMA) və ABŞ-nin dərman vasitələrinin tənzimləyici orqanı olan Dərman və Qida Administrasiyası (FDA) tərəfindən paroksimal nokturnal hemoqlobinuriya və komplement 3 qlomerulopatiya xəstəliklərinin müalicəsində istifadə olunan iptakopan hidroxlorid monohidrat tərkibli orfan dərman vasitəsi kimi Avropa Birliyində və ABŞ-də qeydiyyata alınıb.


Səhiyyə Nazirliyi tərəfindən nadir xəstəliklər üzrə dərman təminatında yarana bilən çətinliklərin aradan qaldırılması üçün dövlət proqramları çərçivəsində lazımi tədbirlər həyata keçirilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və dərman təminatının optimallaşdırılması istiqamətində işlər aparılır.


Eyni zamanda, uşaqlar arasında nadir (orfan) xəstəlikləri olanlara göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu yaradılıb".


Xəlilli Nigar



Bölmədən digər xəbərlər
QHT regionda maarifləndirmə tədbirlərini davam etdirir
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.