Suriya XİN rəhbəri Rusiyaya səfər edib

Tarix: 19:42 31.07.2025
Suriya xarici işlər naziri Əsəd əş-Şibani iyulun 31-də Rusiyaya səfər edib. Səfər çərçivəsində regional təhlükəsizlik, Suriyadakı vəziyyət və beynəlxalq münasibətlər müzakirə olunacaq. Bu səfər Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı gərginliklə bağlı son telefon danışığından sonra baş tutur.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Suriyanın xarici işlər nazirinin Rusiya səfəri, əlbəttə ki, iki tərəf arasında münasibətlər baxımından əhəmiyyətli hadisə sayılmalıdır:
"Rusiya 50 ildən artıq müddətdə Suriyada ciddi nüfuza sahib olub. Bu ölkənin Suriyada iki hərbi bazası mövcuddur və uzun müddət Rusiya həm Bəşər Əsədin, həm də onun atasının hakimiyyətini dəstəkləyib. Hazırda isə Suriyada yeni bir dövr başlayıb. Bəşər Əsəd devrilsə də, ölkə daxilindəki problemlər hələ tam həll olunmayıb. Bu problemlərin həllinə mane olan əsas amillərdən biri kənar təsirlərdir. O cümlədən, Suriyanın daxilindəki proseslərə təsir edə biləcək əsas güclərdən biri Rusiyadır.
Baxmayaraq ki, Bəşər Əsəd devrilib, onun rejiminin qalıqları hələ də Suriyada fəaliyyət göstərməkdədir. Bəzi etnik və dini qruplar da bu rejimin dəstəkçiləri sırasındadır. Məsələn, mart ayının əvvəlində Latakiya bölgəsində Bəşər Əsədə yaxın sayılan qüvvələrin üsyan cəhdi olmuşdu və bu üsyan yatırıldı. Bu baxımdan, Suriyanın yeni hakimiyyətinin Rusiya ilə müzakirə edəcəyi xeyli məsələ var. Onların sırasında birincisi Bəşər Əsəd rejiminin qalıqlarına verilən dəstəyin kəsilməsi, ikincisi isə Bəşər Əsədin özünün Suriyaya təhvil verilməsi məsələsidir. Belə ki, Bəşər Əsəd hazırda Moskvada sığınacaq tapıb.
Bundan başqa, müzakirə mövzularından biri də Tartus və Hmeymimdə yerləşən dəniz və hərbi hava qüvvələrinə aid bazalardır. Bu bazaların taleyi ilə bağlı danışıqların aparılacağı gözlənilir. Həmçinin, Suriyanın yenidən qurulması istiqamətində olan problemlər də gündəmdə olacaq.
Şübhəsiz ki, İsraillə olan münasibətlər də bu görüşdə müzakirə mövzularından biri olacaq. Görünən odur ki, Türkiyə tərəfi də bu prosesdə maraqlıdır və Suriyanın yeni hakimiyyəti Rusiyanın hərbi bazalarının müəyyən müddət Suriyada qalmasına icazə vermək müqabilində, Rusiyanın ölkənin bərpasına dəstək verməsini, keçmiş rejimin qalıqlarına dəstəyi dayandırmasını və normallaşma prosesinə töhfə verməsini istəyəcək. Rusiya buna gedəcək mi? Söyləmək çətindir. Bu, Rusiya ilə münasibətlərdə yeni bir başlanğıc ola bilər mi? Onu da indidən demək çətindir. Qeyd etdiyimiz kimi, Rusiya 50 ildən artıqdır ki, Suriyada keçmiş rejimə dəstək verən əsas güclərdən biridir. Vətəndaş müharibəsi zamanı da bu rejimi qoruyan və müxalifətə qarşı qəddarlıq edən iki əsas dövlətdən biri məhz Rusiya olub.
Nəzərə alsaq ki, Suriyanın müvəqqəti keçid prezidenti Əhməd Əfşəra ilə Vladimir Putin arasında telefon danışığı da olub, indi xarici işlər nazirinin Moskvaya səfəri bu münasibətlərin normallaşmasına cəhd kimi qiymətləndirilə bilər. Bu, bir başlanğıcdır mı? Hələ demək tezdir.
O ki qaldı bu görüşmələrə, konkret və ciddi nəticələrin olacağını düşünmürəm. Amma müəyyən anlaşmaların əldə olunması mümkündür. Əgər Rusiyanın keçmiş rejimə və onun qalıqlarına dəstəyi dayandırılsa, bu, Suriyadakı sabitləşmə prosesinə müsbət təsir edə bilər".
Xəlilli Nigar