Kiyev dron əleyhinə qalxan qurur

Bölmə: Siyasət › ,
Tarix: 22:17 31.07.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dron əleyhinə texnologiyaların istehsalına başlandığını açıqlayıb. Onun sözlərinə görə, bu sahəyə 6 milyard dollar həcmində investisiya qoyulub. Zelenski həm müsbət, həm də çətin cəhətlərin olduğunu qeyd edib, lakin layihənin əhəmiyyətinə xüsusi vurğu edib.

 

Mövzu ilə bağlı politoloq Elçin Abdullayev "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynanın bu addımı, düşünürəm ki, Rusiya ilə davam edən müharibə fonunda vacib, həm də həyati əhəmiyyət daşıyır:

 

"Belə ki, ruslar tərəfindən tez-tez istifadə olunan kamikadze dronların hücumu nəticəsində Ukraynanın şəhərlərinə və enerji infrastrukturlarına ciddi zərbələr endirilirdi. Rəsmi Kiyev dron əleyhinə texnologiya sistemi yaratmaqla, Rusiya tərəfindən endirilən zərbələrin qarşısını almaqla yanaşı, tarazlığı da bərpa etmək niyyəti güdür.Digər tərəfdən, Ukraynanın bu texnologiyadan faydalanması Rusiyanın qorxusu və təhlükəsi ilə üz-üzə qalan Polşa və Baltik ölkələri üçün də ümidverici ola bilər. Moskvanın aqressiyasından sığortalanmaq naminə sözügedən dövlətlər Kiyevin istehsal etdiyi müdafiə sistemindən yararlana, hətta Ukrayna ilə əməkdaşlığı artıra bilər. Hesab edirəm ki, bu texnologiyalar effektiv olarsa, Rusiyanın hazırkı dron taktikaları böyük ölçüdə dəyərsizləşəcək. Bu da Rusiyaya psixoloji təzyiq baxımından təsir göstərəcək.

 

Sərmayənin miqyasına gəlincə, 6 milyardlıq müdafiə baxımından kifayət qədər böyük məbləğdir. Əgər Ukrayna bu sınağı uğurla həyata keçirə bilsə, o zaman həm özünün hava hücumundan qorunma təhlükəsizliyini artıracaq, həm də digər ölkələrdən müdafiə sistemi idxalını azaldacaq. Eyni zamanda gələcəkdə özü həmin silahları münaqişə içində olan dövlətlərə məsələn, Yaxın Şərq və ya Afrika ölkələrinə ixrac edə bilər ki, bu da Kiyevə müəyyən gəlir əldə etmək imkanı qazandıracaq.

 

Bir sözlə, məlum addım ukraynalıların təkcə ruslarla müharibəyə davam etmək bacarığını deyil, həm də texnologiya əsaslı gələcək təhlükəsizlik naminə irəlilədiyini göstərir. Ümumiyyətlə, dron əleyhinə texnologiyalar müasir müharibələrin əsas müdafiə elementlərindən birinə çevrildiyindən, Kiyev də bu sahədə öz yerini tutmaq istəyir".


Xəlilli Nigar