Pezeşkian: İran qonşularla əlaqələri gücləndirəcək

Tarix: 22:20 31.07.2025
İran Prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə əlaqələri möhkəmləndirəcək.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, İranın keçirdiyi müharibə və Amerika Birləşmiş Ştatlarının yenidən təhdidçi açıqlamalarla çıxış etməsi, həmçinin İsrailin Yaxın Şərqdə apardığı əməliyyat şübhəsiz ki, yenidən İranın qonşuluq münasibətlərinin normallaşdırılmasına gətirib çıxaracaq bir addımdır və İran hökumətinin bu bəyanatı öz özlüyündə kifayət qədər optimist bir bəyanatdır:
"Yəni əslində məntiqlə verilən bir açıqlamadır. İranın öz qonşuları ilə münasibətlərinin normallaşdırılmasına ciddi şəkildə ehtiyacı var. Çünki İran hazırda çox ciddi şəkildə müharibə gözləntisi olan bir ölkədir və faktiki olaraq böyük güclər, yəni Amerika Birləşmiş Ştatları İsraillə birlikdə İrana qarşı təzyiq siyasətini davam etdirir və növbəti dəfə 12 günlük müharibə yenidən təkrarlana bilər. Donald Tramp bu barədə açıqlama verib ki, İrandan biz xoş olmayan siqnallar alırıq. Əgər belə davam edərsə, biz əməliyyatlara yenidən davam edəcəyik. Bu məsələlərlə bağlı, yəni qonşularla münasibətlərin normallaşması istiqamətində addımlar atıla bilər. Məsum Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycana olan səfərlərində verdiyi açıqlamalarda Bakı və Tehran arasındakı münasibətlərin normallaşması istiqamətində çox böyük səylər göstərib və heç təsadüfi deyil ki, bu müddətdə İran və Azərbaycan arasında olan narazılıqların bir çoxu demək olar ki, öz həllini tapıb. Məsələn, Azərbaycan səfirliyinə hücum edən həmin terrorçu öz cəzasına çatdırıldı. Eyni zamanda biz iki ölkənin arasındakı diplomatik münasibətlərin yenidən qurulması, yenidən bərpa olunmasının, açıq desək, Azərbaycan səfirliyinin İranda fəaliyyətinin yenidən başlamasının da şahidi olduq. Bu müddətdə yəni olduqca pozitiv açıqlamalar verilib. Həmçinin Pezeşkian hökuməti İranın digər ölkələrlə münasibətlərinin normallaşdırılması istiqamətində səy göstərir və bu kifayət qədər uğurlu bir addımdır və faktiki olaraq İranın qonşu ölkələrlə sıfır problem siyasətinə daxil olmasına zəmin yaradacaq bir hadisədir".
Ayşən Səlimova