Uşaqların idman yaşı- Hansı idman növünə neçə yaşdan başlamalı
Bölmə: Araşdırma › ,Tarix: 15:50 05.07.2023
Bəzən valideynlər övladlarını çox kiçik yaşlarından idmanla məşğul olmağa məcbur edirlər. Düzdür, bütün bunlar uşaqlarının daha sağlam və idmançı kimi yetişməsi istəyindən irəli gəlir. Amma uşaqların yaşını, potensial gücünü nəzərə almadan atdıqları bu addım sonralar ciddi problemlərə yol aça bilir..
Valideynlər övladlarının peşəkar və ya həvəskar səviyyədə idmançı kimi yetişməsini arzulayır. Buna görə onları erkən yaşlarından idman məktəblərinə yazdırırlar. Amma nəzərə alınmayan bir məqam var ki, hər idman növünün özünə məxsus yaş həddi mövcuddur.
Məşqçi Namiq Quliyev bildirir ki, ağır atletika üzrə idman növlərində yaş həddi daha yüksəkdir: “Məsələn, güləşdə bu 11-13 yaşlarından başlanır. Sambo, cüdoda isə daha aşağıdır. Təqribi 8-9. Amma həmin müddətə qədər, məsələn 5 yaşından etibarən uşağı gimnastikaya, basketbola yazdırmaq olar. İlk 1 il müddətində uşaq fiziki məşqlərlə məşğul olmalıdır. Yəni, birbaşa döyüşməyə icazə verilmir”.
Yaş həddi tək idman növlərinə görə deyil, eləcə də şagirdlərin qız, yoxsa oğlan olması ilə də fərqlənir.
Məşqçi Solmaz Adilova qızlarda güləş üzrə məşqlərin 10 yaşından başladığını deyir: “Digər idman növlərinin isə heç bir fərqi yoxdur. Valideyn bizə uşağın daha erkən yaşlarında götürməyi təklif edəndə, biz ona öz məsləhətlərimizi veririk”.
Müsahibimiz Məhəmməd 7 ildir güləşlə məşğul olur. Amma özünü daha yaxşı təkmilləşdirmək üçün idmana sırf bu idman növündən başlamadığını qeyd edib: “Mən 10 yaşımdan başlamışam güləşlə məşğul olmağa. Artıq 7 ildir bu idman növü üzrə hazırlaşıram. Amma birbaşa güləşə gəlməmişəm. Bundan əvvəl basketbolla və üzgüçülüklə məşğul olmuşam. Güləş zamanı maksimum ehtiyatlı olmağa çalışıram. Bəzi fəndlər var, onları etmək qadağandır. Həmin fəndlərdən uzaq dururam”.
Tövsiyə olunur ki, valideynlər uşaqlarını idman məktəblərinə yazdırdıqda onların yaş, fiziki göstəricilərini və həvəslərini nəzərə alsınlar. Uşaqların qarşısına yüksək məqsədlər qoymaq əvəzinə onları daima dəstəkləsinlər.
Nəzrin Malik