TƏLƏBƏLƏRDƏ "SABAH QRUPU"NA İNAMSIZLIQ YARADAN SƏBƏB NƏDİR?

Bölmə: Sosial › ,
Tarix: 00:06 25.08.2023

  Magistratura səviyyəsi üçün aparılan qeydiyyatın bitməsinə son bir gün qalmış Elm və Təhsil Nazirliyi yeni qərar qəbul edir. Artıq bakalavrlar müsabiqə şərtlərini ödəmədən sabah qruplarında ixtisas seçimi ediblər. Bəs Sabah qruplarında plan yerlərinin bu qədər boş qalmasının səbəbi nədir?

   Bakı Dövlət Universitetində jurnalistika sahəsində bakalavr kimi təhsilini başa vuran Üzeyir Xəlilov magistr pilləsində sabah qrupunu seçən tələbələrdəndir. Deyir, əslində, imtahandan az bal topladığı üçün bu qərarı verib. Amma peşman da deyil. “Elə həmin universititedə bakalavr oxumuşam, həmin ixtisasda. Yəni biri var mənə tanış olmayan ixtisasda oxuyum, bir də var eyni fakültədə, eyni ixtisasda oxuyum, yəni davam etdirim”. Üzeyirin sözlərinə görə, topladığı balla nəinki istədiyi ixtisasa daxil olub, hətta həmin sahədə ödənişsiz əsaslarla təhsil alacaq. Çünki Sabah qrupu bir layihə olaraq universititetlərin tərkibində ödənişsiz əsasda fəaliyyət göstərir.

  Sabah qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayevin sözlərinə görə, istər bakalavr, istər magistratura səviyyəsində əgər onlar adi qruplara qəbul olunarkən ödənişliyə düşüblərsə, universitetdə müvafiq ali təhsil müəssisəsində, həmin ödənişi o universitet üçün davam etdirir. “Amma Sabah qrupları məhz Sabah qruplarında təhsil aldıqları üçün heç bir ödəniş götürmür onlardan”.

   Buna baxmayaraq, təhsil alanlar arasında ildən-ilə Sabah qruplarına olan maraq azaldığından bu il bir çox plan yerləri boş qalıb. Təhsil eksperti Elşən Qafarov deyir ki, bunun səbəbi layihənin özünü doğrultmamasındadır. “Qəbul yerlərinin dolmamasının əsas səbəbi odur ki, sabah qruplarında oxuyan tələbələrə əvvəldən söz verilmişdi ki, gələcəkdə onların karyera həyatları da nəzərə alınacaq, təhsil davamlı olaraq nəzarətdə saxlanılacaq. Bunlar olmadığına görə təhsil alanlar arasında ildən-ilə sabah qruplarına olan maraq azaldı”. Eldar Qocayev isə əksini deyir. Yerlərin boş qalmasının əsas səbəbini tələbələrin Sabah magistraturası haqqında məlumatsızlığında görür. Deyir ki, bakalavr dövründə illərdir fəaliyyət göstərən Sabah qrupu bu ildən ilk dəfə olaraq magistratura səviyyəsinə rəsmi olaraq qoşulub. Odur ki, tələbələr arasında müəyyən anlaşılmazlıqlar yaranıb. “Bizdə ilk dəfə magistraturaya qəbul olub. Bu, bizim özümüz üçün də bir təcrübədir. Ona görə də bir çox məzunlar bilmirlər ki, Sabah qruplarında magistratura səviyyəsi açılır”.

   Qeyd edək ki, magistratura səviyyəsi üzrə qeydiyyat yekunlaşsa da, abituriyentlər üçün ixtisas seçimi davam etməkdədir. 2023-cü il avqustun 16-sı başlayan ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 28-dək davam edəcək.

PƏRVİN