"HÜSEYN CAVİD HƏM ŞAİR, HƏM DRAMATURQ, HƏM DƏ PUBLİSİSTDİR"-SEVİL HƏSƏNOVA

Bölmə: Araşdırma › ,
Tarix: 18:39 24.10.2023

Hüseyn Cavidin anadan olması günü ilə bağlı filologiya elmləri doktoru Sevil Həsənova sözügedən şəxslə bağlı mühim məqamlara toxunaraq açıqlama verib.

 

 

"H.Cavid bu gün xalqımız tərəfindən sevilə-sevilə yad edilir. 19-cu əsrin böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanov "Nəsihətnamə" əsərində yazır: "insanlar arasında hər kəs işini bilən olsa, həmişə hörmətli olur" belə insanların sözləri bizə nəsihətdir. Bu baxımdən H.Cavidin dedikləri, yazdıqları, əsərlərindən alınan tərbiyəvi nəticələr gənclərin mənəvi cəhətdən zəngin, əxlaq cəhətdən saf, fiziki cəhətdən kamil böyüməsində mühim rol oynayır. H.Cavid xalq adət-ənənələrinə, milli əxlaqa dərin hörmətlə yanaşan, hümanist hisslərlə zəngin olan sənətkardır. Yaxşiki H.Cavidi dərindən öyrənib, irsinə dəyər verən tədqiqatçılarımız olub. Əks təqdirdə Cavidin ruhu bizi bağışlamazdı".

 

 

Müsahib H.Cavidin əsərlərinin gənclərin tərbiyəsinə müsbət mənada təsir göstərməsindən söz açıb.
"H.Cavidin "Ana" pyesi ən çox sevilən əsərlərdən biridir. Yazıçı bu əsərində xalqımızın milli-adət ənənələrindən irəli gələn qonaqpərvərlik, "qonaq Allah qonağıdır, qonaq qatil olsa belə onu evdən qovmazlar" ifadələrini çox gözəl və səlis dillə oxuculara çatdırır. "Ana" əsəri qızlarımızın namuslu, etibarlı böyüməsində, gənclərimizin mənəvi cəhətdən zəngin əxlaqi keyfiyyətlərinin əks etdirilməsində mühim rol oynayır. İsmət ona məhəbbət elan edən Orxana barmağındakı nişan üzüyünü göstərərək deyir: "iştə, barmağımda gördüyün bu nişan Qanpoladdan bir yadigardır mana, ömrüm olduqca bağlıyam ona".
"Siyavuş" əsəri Cavidin yaradıcılığında əhəmiyyətli yer tutan əsərlərdən biridir. Bu əsər qəhrəmanlıq motivləri ilə gənclərimizin vətənpərvərlik ruhda böyüməsində çox mühim rol oynayır. Cavidin mənəvi-tərbiyə mövzusundan danışarkən "İblis"in adını çəkməmək mümkün deyil. Bu əsər müasir dövrümüzlə səsləşən ən aktual mövzudur. Ədalətsiz müharibələri törədənləri nifrətə çağıran əsərdir. "İblis?-cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir?
-İblis"

 

 

Həmsöhbətçimiz H.Cavidin publisist olması məqamına da toxunub.
"Cavidşünaslığa yeni baxış zəruridir. Araşdırmalar nəticəsində məlum olub ki, Cavid həm də görkəmli publisistdir.
Cavid 1904-cü ildə "Şərqi-rus" qəzetindən başlamış, 1905-1907-ci ildə "Füyuzat"da, 1906 "İrşad"da, 1909 İstanbulda "Müstəqim" jurnalında, 1913 "Şəlalə" jurnalında, 1917 "Qardaş köməyi"ndə 1918 "Millət"də, 1922 "Zəhmət" də, 1924 "Kommunist", 1925 "Yeni yol", 1937-ci ilin may ayına kimi Azərbaycandə çap edilən digər qəzet və jurnallarda şeir, pyesləri ilə yanaşı publisistik məqalələri ilə də çıxış edib.
Publisistik məqalələrinin əksəriyyəti işlədiyi məktəblərin fəaliyyəti ilə bağlı olub. İnsanları inandırmağa çalışırdı ki, elm insanları zülmətdən, cəhalətdən işıqlığa çıxarır, köləlikdən azad edir. Cavid valideynləri uşaqlarını oxutmağa çağırırdı. Cavid qızların təhsil almasına çox böyük önəm verirdi. Hətta o şəriət dərsi əvəzinə ədəbiyyat dərsləri keçərkən "mənim şəriət dərslərim elə budur" deyib".

 

 

Sevil Həsənova böyük bir fəxr hissi ilə bildirir ki, "H.Cavidin nəinki əsərləri, onun öz həyatı da gənclərimizə tərbiyə məktəbidir".

 

ÇİNARƏ MURADOVA