Valideynlərin tələbəlik arzusu övladlarını ÖLDÜRÜR-Psixoloqdan xəbərdarlıq

Bölmə: Sosial › ,
Tarix: 21:42 09.11.2023

Ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər əksər hallarda psixoloji təzyiqlərə məruz qalırlar. Bunun başlıca səbəbi valideynlərin yersiz basqılarıdır. Əlbəttə, övladının tələbə adını qazanması hər ata-ananın arzusudur. Lakin imtahan nəticələri gözlənilməz olanda bir çox valideynlər onsuz da sarsıntı keçirən övladına dəstək olmaq əvəzinə, onlara təzyiq göstərirlər. Nəticə isə faciəli olur... 

 

Bu barədə İnformator.az-a danışan Ailə və Uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, intihar bir insanın son çıxış yoludur. Hansı ki, həmin insanlar heç kəs tərəfindən başa düşülmədiklərini tam şəkildə dərk edirlər.

 

“İntihar hallarının əsas səbəblərindən biri də, valideynin reallaşa bilməyən öz arzularını, övladları üzərində tətbiq etməsidir. Məsələn, valideyn övladının hansısa bir universitetə girməsini arzu edir. Amma, uşağının xarakterini və qavrama tərzini nəzərə almır. Uşaq uyğun göstərici göstərə bilmədikdə isə başlayır təhqir etməyə”.

 

Aynur İsmayılova düşünür ki, qohumları tərəfindən uşağını tənqidlərə məruz qoyan valideyn dərk etmir ki, bu uşağının yox, onun arzusudur.

 

“Bu cür reaksiya görən yeniyetmələr isə son çarəni intiharda görür. İntihar halları sosial mediada nə qədər çox paylaşılırsa, bu hal abituriyentləri intihara daha çox sövq edir”.

 

Türkan Kərimli