Repetitorluq: məcburiyyət, yoxsa dəb?

Bölmə: Araşdırma › ,
Tarix: 21:23 05.12.2023

    Hər gəncin arzusudur ki, xəyalını qurduğu peşəyə sahib olsun. Ali məktəbə daxil olmaq üçünsə məktəb təhsili yetərsizdir. Müasir ailələr övladlarını məktəbdən əlavə repititor yanına hətta 1-ci sinifdən belə göndərirlər. Bəs niyə məktəblər ola-ola şagirdlər əlavə təhsilə üz tuturlar? Bu, dəbdir, yoxsa məcburiyyət?

   Şəhər əhalisindən götürdüyümüz sorğunun nəticəsinə görə, 10 nəfərdən 7-si repetitorluğun məcburiyyət, 3-ü isə dəb olduğunu hesab edir. Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu da deyir ki, Ali məktəbə hazırlığın repititorsuz mükünsüzlüyü insanların təfəkkürünün dərinliyinə hopub. "Təəssüflər olsun ki, şagirdlərin repetitor yanına getməsi məcburiyyət olmaqla yanaşı, dəb halını da alıb. İş o yerə çatıb ki, təkcə yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərdə oxuyan uşaqlar belə müəllim yanına hazırlığa göndərilir. Valideyn-məktəb arasında balans pozulub".

   Təhsil eksperti Qoşqar Məhərrəmov da eyni cür düşünür. "Ona görə dəbdir ki, valideynlər müəllimlərə etibar etmirlər. Müəllim yaxşı olsa belə, valideyn uşağı onun yanına əlavə hazırlığa göndərir. Halbuki həmin yaxşı müəllim, məktəbdə də yaxşı dərs keçir. valideyn əlavə vəsait ödəmədən, uşağı o müəllimdən məktəbdə öyrənə bilər. Amma bəzən valideynlər boş rəqabətə girə bilir, bəzən də müəllimlərin gözünə xoş görünmək üçün repetitor hazırlığına ehtiyac duyurlar".

     9-cu və 11-ci siniflərdə isə artıq bu, məcburiyyətdir. Əvvəlki siniflərdə-6, 7,8,9 və s. yaxşı oxumayan şagird ötən illərin materiallarını bilmədiyi üçün imtahan dövründə məcbur qalaraq repetitor yanına gedir. Amma dərslərini normal oxuyan şagird üçün repetitor hazırlığı sadəcə dəbdir. Çünki hər kəs bir-birindən üstün olmaq, daha yaxşı öyrənmək istəyir. Ekspertlər düşünürlər ki, icbari tibbi sığorta ilə dövlət xəstəxanalarında edilən müalicələrə güvənmədiyi kimi, valideyn məktəbin verdiyi təhsilə də güvənmir. "Çox vaxt attestat xatirinə uşaqlar məktəbə gedirlər. Repititor yanına daha çox getsin deyə, müxtəlif vasitələrlə şagirdlər məktəbə getməmək üçün can atırlar. Burada müəllimlərin də marağı az deyil. Çünki repititorluqla məşğul olan müəllimlərin qazancı aldıqları maaşdan dəfələrlə çoxdur".

    Bakıda bir fənni 100, hətta 200-300 manata tədris edən müəllimlərin bəzəkli reklamlarına rast gəlmək adi hal alıb. Fənn müəllimlərinin çoxu məktəbə yük kimi baxır, 45 dəqiqəni “doldurmağın” yollarını fikirləşirlər. "Repititorluq sahəsində xaos, özbaşınalıq, nəzarətsizlik var. 200 balla universitetə qəbul olan tələbədən tutmuş, MİQ imtahanında keçid balından qat-qat aşağı nəticə göstərmiş müəlliminə və hətta ixtisası müəllim olmayan vətəndaşına kimi hamı repititordur. Repititorluq primitiv bazar statusuna kimi gəlib çatıb. Ölkəmizdə hazırlıq kurslarının sayı apteklərin sayından çoxdur".

    Bugün “övladım tay-tuşundan geri qalmasın” təfəkkürü ilə aşağı sinif şagirdlərini müəllim hazırlığına göndərən valideynlərdən tutmuş, “filankəs müəllim fənnini 300-400 manata tədris edir, hər uşağı götürmür, məndən az pul qazanan qonşunun uşağı onun hazırlığına gedirsə, mənim uşağım niyə germəsin” təfəkkürü ilə övladlarını bədbəxt edən valideynlər də az deyil. Həm bir jurnalist,həm də bir valideyn 2 uşaq valideyni olan Ramin Rzayev deyir ki, orta təhsil müəssisələrində dərslər tələb olunan qaydada keçilmədiyindən onlar çarəni başqa yerdə axtarırlar. "Əgər dərslər tələb olunan qaydada keçilsə, valideynlər öz övladlarını repititor yanına qoymaz. İkinci bir səbəb isə, mənim fikrimcə orta məktəblərdə yaşlı müəllimlərin çox olmasıdır. Bu da öz təsirinu göstərir, çünki gənc kadr daha daha operativdir".

    Nəticə isə budur ki, repetitor nə dəb, nə də məcburiyyət olmalıdır.

 

Zeynalova Fatimə