Xaricdə təhsil, ya ölkədəki uğursuzluq?- Ekspertlər aydınlıq gətirirlər
Bölmə: Araşdırma › ,Tarix: 21:56 05.12.2023
Bir çox gənc bakalavr və ya magistr təhsili almaq üçün xaricə yollanır. Ekspertlər xaricdə bakalavr təhsili alanların Azərbaycan universitetinə qəbul ola bilməyib atestatla gedənlər olduğunu deyirlər. Beynəlxalq proqramlar və ya öz hesablarına xaricdə bakalavr təhsili alanlar da az deyil.
Təhsil ekspert Adil Vəliyev xaricdə bakalavr təhsili alanların Azərbaycan universitetinə qəbul ola bilməyib atestatla gedənlər olduğunu deyir. Onun sözlərinə görə, beynəlxalq proqramlar və ya öz hesablarına xaricdə bakalavr təhsili alanlar da az deyil. "Magistr təhsili alan tələbələr də olur ki, onlar bakalavr təhsili aldıqdan sonra düşünürlər ki, Azərbaycan universitetləri əlavə bilik verə bilmir. Bəzən olur ki, onlar magistr təhsili alıb yaşamlarını da xaricdə davam etdirirlər".
Təhsil eksperti ölkədə savadlı gənclərə ehtiyac olduğuna diqqət çəkir. "Xaricdə təhsil alanlar vətənə qayıtmalı və onların inkişafı üçün lazımi şərait yaradılmalıdır". Adil Vəliyev bildirir ki, bu gün gəncləri həm maaş, həm də iş yerləri qane etməlidir.
Xaricdə təhsil almağın üstünlükləri ilə yanaşı problemləri də var. Türkiyədə təhsil alan Gülçin Əsgərova yaşadıqlarını İnformator.az.la bölüşür. "Xaricdə təhsil almağa gələndə rastlaşdığım əsas problem universitetinin qəbul şöbəsinin tələbləri detallı məlumatlandıra bilməməsidir. Bu bir çox ölkələrdə belədir" Gülçin Əsgərova bildirir ki, digər problem isə getdiyin ölkəyə adaptasiya olmaqdır ki, ailədən, dostlardan kənarda yeni bir həyata başlayırsan. Amma zamanla bu düzəlir".
"Xaricdə təhsil almaq şəxsin peşəkar inkişafı üçün şərt deyil. ABŞ-da öyrəndiklərimi texnologiyanın vasitəsilə Azərbaycanda da öyrənə bilərəm. Xaricdə təhsilin əsas üstünlüyü şəbəkələşmədir - ABŞ da təhsil alan Cavid Rəhimli belə deyir.
Xaricdə təhsilə hazırlaşan Sabrina Məmmədli isə deyir ki, xaricdə təhsili seçməkdə məqsədi gələcək karyerasında daha uğurlu olmaq istəməsidir. "Düşünürəm ki, xaricdə təhsil mənə böyük imkanlar qazandıracaq".
Ekspertlər onu da qeyd edirlər ki, ölkəmizdə gənclərin inkişafı üçün 2022-2026-cı illəri əhatə edəcək Dövlət Proqramı var. Bu proqrama seçilən tələbələr üçün Dövlət Proqramı üzrə 36 720,0 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
ASİMAN HAFİZQIZI