Səfəvilər dövlətinin yaranmasından 522 il ötür
Bölmə: Araşdırma › ,Tarix: 23:32 22.12.2023
Bu gün Azərbaycanın çoxəsrlik tarixində dərin iz buraxan, tariximizin güclü və ən uzunömürlü dövləti-Səfəvi dövlətinin qurulmasından 522 il ötür.
"İndi İran Səfəvilər dövlətini öz tarixinin bir parçası kimi göstərməyə çalışır. Lakin Səfəvi dövləti quruluşundan bəri bir Azərbaycan dövləti olub".
Bu sözləri tarix müəllimi Sevinc Cəfərova informator.az-a açıqlaması zamanı bildirib.
" Səfəvilər dövləti 1501-ci il 22 dekabrda Azərbaycanın qədim şəhəri olan Təbrizdə qurulub. Səfəvilər dövlətinin qurucu Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbildə anadan olub. Həm ata, həm də ana tərəfdən soyu Uzun Həsənə bağlanan Şah İsmayıl 12 yaşında Azərbaycan uğurunda qanlı mübarizə başlayıb və 14 yaşında bu mübarizədə qalib gələrək yeni dövlətin əsasını qoyub. Şah İsmayıl Xətai saray və ordu dilini Azərbaycan türkçəsi edib, bundan əlavə, Azərbaycan türkçəsində gözəl şeirlər yazıb. Səfəvilər dövləti dövrünün ən qüdrətli dövlətlərindən sayılırdı və getdikcə gücləndi. Bu güclənmə şərqdə Şeybani xanı narahat edirdi. Bu səbəbdəndir ki, Şeybani xan gələcəkdə Səfəvilər dövləti ilə müharibəyə başlayacaq və bu müharibədə ağır məğlub olacaqdı. Bu döyüşdə də qələbə çalan Səfəvilər öz yüksəlişinin zirvəsinə çatdı və dövrünün ən güclü 3 imperiyasından birinə çevrildi".
Müsahib əlavə edib ki, Şah İsmayılın qələbələrini qısqanan və Səfəvilər dövləti ilə çoxdan müharibəyə başlamaq istəyən Yavuz Sultan Səlim din pərdəsi altında Səfəvilərlə müharibəyə başladı və bu müharibədə Səfəviləri məğlubiyyətə uğratdı.
" Çaldıran döyüşünün məğlubiyyətindən sarsılan Şah İsmayıl bir daha heç bir yürüşə özü başçılıq etmədi, dövlət işlərindən əl çəkdi və ölümünə kimi Xətai təxəllüsü ilə şeirlər yazdı. Şah İsmayıl Səfəvidən sonra isə hakimiyyətə gələn Şah Təhmasib öz dövlətini, gücünün zirvəsində olan Osmanlıların aramsız yürüşlərinə baxmayaraq, qoruyub saxlaya bilib. Şah Təhmasibin ölümündən sonra ağır günləri başlayan Səfəvilər qonşu dövlətlərin istilalarına məruz qalıb. Lakin bir neçə hakimiyyət dəyişikliyindən sonra gənc yaşında taxta çıxan Şah Abbas Səfəvi dövlətinin keçmiş sərhədlərinin bərpa edib və dövlətinə qızıl dövrünü yaşadıb. Şah Abbasın ölümündən sonra dövlətdə zəifləmə başlayıb və taxta çıxan səriştəsiz padişahlara görə Səfəvilər dövlətinin sonu qaçılmaz oldu".
Sevinc Cəfərova açıqlamasını bu sözlərlə yekunlaşdırıb:
"Səfəvilər dövləti Azərbaycan tarixinə çox böyük bir miras qoyub və bizim öhdəmizə düşən bu mirasa sahib çıxmaq, tariximizi unutmamaq və unutdurmamaqdır"
Yusif Mamedov