Azərbaycan Xalq Hərəkətının lideri-Əbülfəz Elçibəy
Bölmə: Araşdırma › ,Tarix: 20:11 25.12.2023
Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunda dünyaya göz açıb.
İbtidai və orta təhsilini başa vurduqdan sonra Əbülfəz Elçibəy Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin "Ərəb filologiyası" şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra bir müddət tərcüməçi kimi işləyən Əbülfəz Elçibəy 1969-cu ildə "Tulunilər dövləti" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
ADU-da işlədiyi müddət ərzində daim gənclər arasında antisovet təbliğatı aparır, azadlıq ideyalarını geniş şəkildə yayırdı. Dəfələrlə həbs edilməsinə baxmayaraq bu yoldan dönməyən Əbülfəz Elçibəy 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz onun öndərlərindən biri oldu. Məhz Əbülfəz Elçibəy və onun tərəfdarlarının gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).
Bundan sonra xalq arasında nüfuzu artan Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçildi və ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm işlər gördü.
Adam.az-a istinadən Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti dövründə görülən işlərdən bəziləri bunlardır:
Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Uzun müddət müzakirə obyektinə çevrilən latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməyə başlanıldı.
Onun bir illik hakimiyyəti ərzində Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.
O, Prezidentliyindən sonraki dövrlərində öz xalqı üçün durmadan çalışdı.
"Bütöv Azərbaycan", "Turan" kimi milli düşüncələrin banislərindən olan Əbülfəz Elçibəy 2000-ci ilin 22 avqustunda Ankara şəhərində vəfat etdi.
Heydər Əliyevin tapşırığı ilə nəşi Azərbaycana gətirilən bu böyük şəxsiyyət Fəxri Xiyabanda torpağa tapşırıldı. İnanıram ki, bu böyük şəxsiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq, onun xatirəsini daim yaşadacaq.
Yusif Mamedov