Azərbaycanlıları 2 yerə parçalayan müqavilə-Gülüstan müqaviləsi
Bölmə: Araşdırma › ,Tarix: 22:05 28.12.2023
19-cu əsrin əvvəllərində Azərbaycanda vahid dövlət yox idi. Azərbaycanda dövlət yerinə xırda dövlətciklər-xanlıqlar mövcud idi. Bundan istifadə etmək istəyən Rusiya İmperiyası 19cu əsrin əvvələrində Azərbaycanı işğala başladı. Rusların Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı.
Abbasqulu ağa Bakıxanovun Gülüstani-İrəm əsərinə görə 1813-cü ilə qədər davam edən bu müharibə, Qacarların məğlubiyyəti ilə başa çatdı. Məğlubiyyətin əsas səbəbləri rusların texniki cəhətdən üstün olması və Qacarların dəfələrlə xəyanətə uğrması idi. Rus-Qacar müharibəsində ən çox itki verən Azərbaycan xalqı idi. Müharibə zamanı dinc əhali dəfələrlə öz yurdundan didərgin düşür, əkinə yararlı torpaqları yararsız hala gəlirdi. Müharibədən ağır itkilər alan hər iki dövlət sonda sülh imzalamaq qərarına gəldi.Tərəflər arasında vasitəçi olmağı ingilislər öz üzərinə götürdü. 1813-cü il oktyabr ayının 12-də Qarabağda hər iki dövlətin səlahiyyətli nümayəndələri arasında on bir maddədən ibarət olan Gülüstan sülh müqaviləsi imzalandı. Sülhə görə Naxçıvan və İrəvan istisna olmaqla Cənubi Qafqaz rusların hakimiyyətinə girdi.
Bu müqavilə yüzillərlə davam edəcək ayrılığın ayaq səsləri idi. Bu müqavilə ananı övlada, qardaşı qardaşa həsrət qoydu. Lakin Gülüstan müqaviləsi hələ ayrılığın başlanğıcı idi. Bu həsrət Sovet Rusiyası və Pəhləvi İranı dövründə daha da şiddətlənəcəkdi.
Yusif Mamedov