Verilişlərdə Azərbaycan dili haqqında mövzulara çox az yer verilir-Adil Vəliyev

Bölmə: Sosial › ,
Tarix: 17:24 29.12.2023

Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin dərs saatları artırılıb. Azərbaycan tarixi fənni ilə yanaşı “Qarabağ tarixi” və “Zəfər tarixi” fənlərinin də Azərbaycan dilində tədrisinə başlanılıb- bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsi zamanı qeyd edib.

Nazir əlavə edib ki, Azərbaycan dilinin inkişafı təhsil sahəsilə yanaşı, media və siyasətdən də asılıdır. Azərbaycan dilində bu və ya digər səviyyələrdə qurulmuş ünsiyyətin məzmun keyfiyyəti artıqca, bu dilə də olan tələbat da artacaq.

 

Bu haqda informator.az- a açıqlama edən təhsil eksperti Adil Vəliyev də düşünür ki,   Azərbaycan dili ilə bağlı təhsillə yanaşı, media üzərindən də maarifləndirmə işləri aparılmalıdır.

 

"Azərbaycan dili bizim doğma dilimizdir, bu istiqamətdə  həm təhsil, həm  media, həm də digər sahələrdə işləyən şəxslər maarifləndirmə işlərinə kömək etməlidirlər. Məsələn, media sahəsində diqqət etsək, görərik ki,  verilişlərdə Azərbaycan dili haqqında mövzulara çox az yer verilir, hətta bəzən heç verilmir. Amma təhsildə universitetlərdə Azərbaycan  dilinin xarici vətəndaşlar və azərbaycanlı tələbələr üçün  I kursun  ilk semestrında öyrədilməsi mütləqdir. Görürük ki, artıq yeni,gənc nəsil fərqli dillərdə danışmağa başlayıblar, onlar azərbaycanlı olsalar da türk, rus , ingilis dillərində danışmağa daha üstünlük verirlər".



Ekspert deyir ki, istər cizgi filmlərdə,  kinolarda, televiziya proqramlarda, istərsə də təhsil sahəsində bu mövzuya xüsusi diqqət ayrılmalıdır.

 

"Əsas məqsədlərimizdən biri Azərbaycan dilinin daha da inkişaf etdirilməsi olmalıdır.

 

II Vətən müharibəsi bizim ən şanlı zəfərlərimizdən biridir. Düşünürəm ki, bu şanlı qələbəni tarix kitabları ilə yanaşı, media vasitəsilə də şagirdlərə öyrədə bilərik".

 

Adil Vəliyev sonda bildirir ki, təhsil, media işçiləri ilə yanaşı, digər sahələrin əməkdaşları da Azərbaycan dilinin, tarixinin daha çox insana çatması çalışmalıdırlar.

Qeyd edək ki, nazir Emin Əmrullayev müsahibə zamanı bildirib ki, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin tədris keyfiyyətinin monitorinqi aparılır və bu proses davam edəcək.

Nəzrin Mirzəyeva