Süni intellektin kəşf etdiyi materiallar
Bölmə: Araşdırma › ,Tarix: 22:37 10.01.2024
Müasir texnologiyalarda istifadə oluna biləcək materialları kəşf etməyə kömək edən yeni süni intellekt proqramı hazırlanıb. Google DeepMind əməkdaşlarının hazırladığı proqram GNoME adlanıb. GNoME təxminən 2,2 milyon yeni kristal strukturu proqnozlaşdırıb. Bu materiallardan 380 mininin dayanıqlı olduğu və gələcəkdə texnoloji cihazlarda istifadəyə namizəd olduğu bildirilir.
Kristal bərk maddələr kompüter çiplərindən tutmuş günəş panellərinə qədər bir çox texnoloji cihazlarda istifadə olunur. Keçmişdə yeni materiallar hazırlamağa çalışan tədqiqatçılar sınaq və səhv yolu ilə müxtəlif kombinasiyaları sınayıblar, lakin bu tədqiqatlar çox uzun vaxt aparıb. Hazırda yeni kristallar kəşf etməyə çalışan bir çox tədqiqatçılar ilk növbədə nəzəri üsullara müraciət edirlər. Kompüterlərin sürətindən istifadə etməklə aparılan nəzəri proqnozlar qəti nəticələr verməsə də, hansı komponentlərin və hansı strukturların arzu olunan xüsusiyyətlərə malik materialı yaradacağı barədə fikir verir. Son onillikdə Beynəlxalq Qeyri-üzvi Kristallar Bazasına nəzəri hesablamaların köməyi ilə kəşf edilmiş 28 000 yeni material əlavə edilib.
Bir qrup Google DeepMind işçisi bu yaxınlarda arzuolunan xüsusiyyətlərə malik kristalları kəşf etməyə kömək edən yeni süni intellekt proqramı hazırlayıb. GNoME adlanan proqram 2,2 milyon yeni kristal strukturu proqnozlaşdırıb. Bu strukturlardan təxminən 380 mininin nisbətən daha dayanıqlı olduğu və gələcəkdə texnoloji cihazlarda istifadə olunma potensialının olduğu bildirilib.
GNoME tərəfindən proqnozlaşdırılan strukturların 736-sı dünyanın müxtəlif tədqiqat qrupları tərəfindən sintez edilib. Bundan əlavə, Lawrence Berkeley Milli Laboratoriyasında (ABŞ) çalışan bir araşdırma qrupu GNoME tərəfindən proqnozlaşdırılan materialların robot laboratoriyalarında avtonom şəkildə sintez edilə biləcəyini göstərən başqa bir araşdırma aparıb. Həm Google DeepMind, həm də Lourens Berkli Milli Laboratoriyasının tədqiqatçıları tərəfindən aparılan tədqiqatların nəticələri Nature jurnalında dərc olunub.
Tədqiqatçılar əvvəlcə kristal strukturlar haqqında məlumat bazasından əldə etdikləri məlumatlar əsasında hazırladıqları süni intellekt tətbiqini öyrədiblər. Verilənlər bazasına Materials Project-in internet saytından daxil olmaq olar. GNoME qrafik neyron şəbəkəsi (GNN) kimi təsnif edilən tətbiq nümunəsidir. Molekulyar strukturları təsvir etmək üçün çəkilmiş qrafiklərə oxşar qrafiklər proqrama giriş kimi verilir. Təlim zamanı proqramın verdiyi proqnozlar DFT adlı nəzəri üsulla da sınaqdan keçirilib.
GNoME-nin kəşf etdikləri arasında qeyri-adi kristallar, potensial superkeçirici namizədlər, litium-ion batareyalarının işini yaxşılaşdıra bilən keçiricilər və gələcəkdə texnoloji cihazlarda istifadəyə namizəd olan bir çox digər materiallar var.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova