Uşaqlarda diş çıxarma ortalama olaraq 6- 9 aylarda başlayır-Pediatr açıqladı
Bölmə: Sosial › ,Tarix: 18:59 26.01.2024
Körpələrin inkişafında ən mühüm dövrlərdən biri də diş çıxarma dövrüdür.
Bəs uşaqlarda dişçıxarma necə baş verir? Diş çıxaran uşağa necə yardım göstərmək lazımdır? İlk dişlərə qulluq necə olmalıdır? Mövzu ilə əlaqədar Informator.az-a Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev açıqlama verib.
"Uşaqlarda diş çıxarma ortalama olaraq 6- 9 aylarda başlayır. Lakin dişlər bəzi hallarda uşaq 4 aylıq olanda, bəzən isə gecikərək 1 yaşında çıxa bilər. Hətta uşaq ağzında 1 dişlə də doğula bilər, bu dişlərə natal dişlər deyilir . Həmin diş də əgər uşağa və anaya problem yaratmırsa, o dişə müdaxilə olunmur, uşağın ağzında qalır".
Elşən Tağıyev qeyd edir ki, uşaqlar diş çıxarma dövründə çətinliklər yaşayır.
"Diş çıxma dövründə uşaqlar narahatlıq yaşayır, bunun qarşısını nisbətən almaq üçün silikon oyuncaqlardan, müxtəlif gellərdən istifadə olunur. Lakin bu gelləri istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Çünki tərkibində benzokain , lidokain olan gellərdən çox istifadə aritmiyaya və ağırlaşmalara səbəb ola bilər. Ona görə də diş gelləri alarkən diqqət etmək lazımdır ki, həmin gellərin tərkibində benzokain və lidokain olması".
Müsahib bildirir ki, ilk diş çıxan andan uşağın dişlərini fırçalamaq lazımdır.
"Uşağın ilk dişi çıxan kimi fırçalamağa başlamaq lazımdır. Ilk vaxtlarda yumşaq diş fırçası ilə, 2 yaşına çatdıqdan sonra isə diş məcunlarından istifadə edərək fırçalamaq lazımdır və fırçalama müddəti ən azı 2 dəqiqə olmalıdır . Bütün bunlara riayət edilsə, uşaqların süd dişləri daha sağlam olar".
Aydan İsayeva