Tarixdə bu gün-Zivər bəy Əhmədbəyovun anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 23:15 16.02.2024

Bu gün AXC dövründə Bakının baş memarı, Azərbaycanın ilk ali təhsilli azərbaycanlı memarı-Zivər bəy Əhmədbəyovun anım günüdür.

 

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Zivər bəy Peterburq İnşaat Mühəndisləri İnstitutuna qəbul olur. O, İnstitutu bitirdikdən sonra bir müddət Bakı şəhər idarəsində memar işləyir. Çalışqanlığı və əzmi sayəsində sürətlə yüksələn Zivər bəy Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Bakı şəhərinin baş memarı olur. O, Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin, Əmircanda Murtuza Muxtarov məscidinin layihəsini hazırlayır. Əmircanda layihəsini hazırladığı məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.  

 

Zivər bəy öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün qalmaqdadır. 1917-ci ildə Zivər Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır. Əfsus ki, bu qədər uğurlu işlər girməsinə baxmayaraq  Zivər bəyin ömrü uzun olmur. O, 1925-ci ildə Bakıda intihar edib. Azərbaycan xalqı onun xatirəsini yaşatmaq üçün Bakıda "Nizami" metrostansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəli qoyulub və onun adını daşıyan park salınıb. Parkla üzbəüz bina isə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

 

Yusif Mamedov