Qan azlığı - səbəbləri, əlamətləri, müalicəsi-Hematoloqdan açıqlama

Bölmə: Sosial › ,
Tarix: 17:42 23.02.2024

Son dönəmlərdə qan xəstəlikləri insanlar arasında qorxulu yuxuya çevrilib desək, yanılmarıq. Xüsusilə də, qan azlığından əziyyət çəkən insanların sayı getdikcə artır. Qan azlığını yaradan səbəblər nələrdir? Qan azlığı özünü necə göstərir? Həkimə nə zaman müraciət etmək lazımdır?

 

Mövzu ilə əlaqədar araşdırma aparan İnformator.az-a Həkim-mütəxəssis Hematoloq Saleh Rzayev açıqlama verib.

 

"Qan azlığı dövran edən eritrositlərin (qırmızı qan hüceyrələri) sayının və hemoqlobin miqdarının azalması ilə gedən patoloji haldır.

Qan azlığının səbəbləri çox ola bilər. Bu səbəblərə qanaxmalar nəticəsində qan itirmə, düzgün qidalanmanın pozulması səbəbilə qidalanmada iştirak edən əsas element və mineralların qida vasitəsindən yetəri qədər alınmaması, mədə-bağırsaqda olan hər-hansı problem ki, bu da öz növbəsində maddələrin sovrulmasına problem yarada , dolayısıyla qan azlığına səbəb ola bilər. Eyni zamanda, qan parçalanması, bədxassəli qan xəstəlikləri və bir sıra digər xəstəliklərin nəticəsində qan azlığı problemi yarana bilər". 

 

 

Saleh Rzayev qan azlığı zamanı müşahidə olunan halları qeyd edib: 

" Qan azlığı zamanı üzə çıxan əlamətlər bunlardır: Halsızlıq, yorğunluq, pilləkən qalxarkən təngənəfəslik, fiziki fəaliyyət zamanı gücsüzlük, tez yorulma halları , həmçinin, müxtəlif ağrılar, başda, sümüklərdə və əzələlərdə xüsusilə axşam vaxtı ayaqlarda ağrılar . Bunlarla yanaşı saçlarda və dırnaqlarda qırılma, yuxu pozğunluğu, dəridə qabıqlanma, iştahın olmaması, kəskin qoxuları bəyənmək və başqa bu kimi hallar qan azlığının əlamətləri kimi göstərilə bilər".

 

Hematoloq qan azlığının əlamətlərini özündə hiss edən xəstələrin vaxtında həkimə müraciət etməsini məsləhət görür:

" Dəri rənginin solğun olması,yorğunluq ,halsızlıq, gücsüzlük, gözlərdə qaralma və baş gicəllənməsi kimi əlamətlər olarsa, mütləq, həkimə müraciət etmək lazımdır. Əlbəttə ki, bu əlamətlər digər xəstəliklərdə də rast gəlinə bilər . Həkimə müraciətdə , qan təhlili edərək problemi tapmaq və problemə uyğun müalicə etmək lazımdır. Əgər qan təhlili zamanı problem qan azlığıdırsa hematoloqa müraciət etmələri məsləhət görülür ".

 

 

Aydan İsayeva