Mirasın bölüşdürülməsi prosesi necə baş verir?
Bölmə: Sosial › ,Tarix: 22:22 16.12.2024
Mirasın bölüşdürülməsi və əmlak qeydiyyatı hüquqi sistemdə mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. Bu proseslər mirasın ədalətli və qanuni şəkildə bölüşdürülməsini, əmlakın yeni sahibinə keçməsini təmin edir.
Bəs vəsiyyətnamə olmadığı halda miras necə bölüşdürülür?
Bu barədə hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən vəsiyyətnamə olmadıqda, miras qanuni vərəsəlik qaydalarına uyğun bölüşdürülür:
“Qanuni vərəsəlik sistemi mərhumun qohumluq dərəcəsinə görə müəyyənləşdirilir və qanuni vərəsələr birinci dərəcə, ikinci dərəcə, üçüncü dərəcə, dördüncü dərəcə, beşinci dərəcə kimi qruplaşdırılır. Əgər birinci dərəcə vərəsələr varsa, onlar mirası tam şəkildə bölüşdürürlər. İkinci və ya üçüncü dərəcə vərəsələr isə yalnız əvvəlki dərəcə vərəsələr olmadıqda miras hüququ əldə edirlər. Miras eyni dərəcədə olan vərəsələr arasında bərabər paylarla bölünür. Məsələn, mərhumun həyat yoldaşı və 2 övladı varsa, miras üç bərabər hissəyə bölünür. Əgər yalnız qardaş və bacılar qalırsa, onların arasında bərabər şəkildə paylanır. Digər tərəfdən, əgər miras alan vərəsə ölübsə və onun yerinə övladları varsa, onlar "nəsil üzrə təmsil etmə" qaydasına əsasən miras alır.
Əgər mirasın bölüşdürülməsi zamanı tərəflər arasında razılıq əldə olunmazsa, məsələ məhkəmə yolu ilə həll edilir. Bu halda Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəllələsinin normaları tətbiq olunmaqla proses mirasın idarə olunması üçün məhkəməyə müraciət, məhkəmə araşdırması, mirasın bölünməsi, məhkəmə qərarının icrası, alternativ mərhələləri ilə davam edir”.
Hüquqşünasın sözlərinə görə, vərəsə həm qanun, həm də vəsiyyət üzrə miras hüququndan imtina edə bilər:
“Mirasdan imtina könüllü şəkildə olmalıdır. Heç bir miras əmlakdan imtinaya məcbur edilə bilməz. Vərəsə mirasdan imtina etmək qərarını, mirasın açıldığı gündən (mərhumun öldüyü tarixdən) etibarən 3 ay ərzində həyata keçirməlidir. Şəxs bu müddət ərzində üzrlü səbəblərdən müraciət etməzsə, məhkəməyə müraciət edərək müddətin bərpa olunmasını tələb edə bilər. Vərəsə mirasdan imtina etdikdə, onun payı digər qanuni vərəsələr arasında bölüşdürülür. Əgər başqa vərəsələr yoxdursa və imtina edən vərəsə də öz payını qəbul etmirsə, miras dövlət mülkiyyətinə keçir. Vərəsə istəsə, mirasdan konkret bir şəxs üçün imtina edə bilər (məsələn, digər vərəsələrdən biri üçün). Əgər belə bir imtina olmazsa, onun payı avtomatik olaraq digər vərəsələrə bərabər şəkildə keçir. Əgər vərəsə miras əmlakını artıq qəbul etmiş və ya istifadə etməyə başlamışsa, mirasdan imtina etmək hüququ itirilə bilər”.
Nərmin Həşimova