Uşaqlarda Emosional və Sosial İnkişafın Təsiri: Psixoloji Aspektlər

Bölmə: Sosial › ,
Tarix: 23:30 16.12.2024

Uşaqlarda psixologiyanın müəyyən etdiyi bir neçə vacib məqam mövcuddur. 

 

Məsələ ilə bağlı Psixoloq Aytən Ələkbərova "informator.az" saytına açıqlamasında bildirib ki, bu məqamlardan biri də emosional iradə aləminin təşəkkül olmasıdır :

 

" Uşaqların nitqinin inkişafı, ətraf aləmi və əşyaları anlamaqla yanaşı, 3 yaşdan etibarən emosional münasibətlərini ifadə etməyə başlayırlar. Bu dövrdə uşaqların davranışlarını yaşlılar bəyənir və tərifləyir". 

 

Psixoloqun sözlərinə görə, uşağın istədiyi bir oyuncağa sahib olması üçün onu aldıqda, bu seçim onun gələcəkdəki sosial münasibətlərinə və dünya görüşünə təsir edə bilər: 

 

" Oyuncaqların çox olması uşaqlarda davranış pozuntularına səbəb ola bilər. Çox sayda oyuncaq, uşağın diqqətini yayındırır, ünsiyyətini çətinləşdirir və valideynlərlə əlaqə qurulmasında maneə törədir. 3-4 yaşlarında uşaqlar özlərinə aid kiçik evlər qurmağa başlayır, səliqə öyrənirlər və borc hissinin ilk formaları inkişaf edir. 5-6 yaşlarında isə uşaqlar yaşlılara kömək etmək istəyi ilə tərif və hədiyyə almağa meyllənirlər. Bu yaşlarda sosial inkişaf daha da dərinləşir və uşaqlar mükafat almaq üçün müxtəlif işlərdə kömək etməyə başlayırlar. 

6-7 yaşlarında uşaqlar ətrafdakı zəif xarakterli böyükləri manipulyasiya edə bilmək bacarığına yiyələnirlər. Bu davranışlar onların gələcəkdəki sosial münasibətlərinə mənfi təsir göstərə bilər".

 

 Psixoloq qeyd edib ki, əgər ailədə düzgün təlim və tərbiyə işləri aparılmasa, uşaqlarda şıltaqlıq, tərslik, höcətlik kimi xüsusiyyətlər inkişaf edə bilər:

 

 "Bu cür nöqsanlar isə gələcəkdə uşağın cəmiyyətdəki yerini və münasibətlərinə mənfi şəkildə təsir edə bilir.

Uşaqlarda düzgün təlim və tərbiyə üsullarının tətbiqi, onların emosional və sosial inkişafında mühüm rol oynayır".

 

Çinarə Tarverdiyeva