Texnologiyanın təhsildəki rolu-RƏY
Bölmə: Sosial › ,Tarix: 13:49 17.12.2024
Son illərdə təhsil sistemində rəqəmsal resurslardan istifadə genişlənib. Lakin texnoloji vasitələrin düzgün idarə olunmaması həm müəllimlər, həm də şagirdlər üçün çətinliklər yaradır. Valideynlər övladlarının texnologiya ilə təhsildə müsbət nəticələr əldə etməsini dəstəkləməyə çalışsalar da, lazımi biliklərin olmaması onların bu prosesə təsirini məhdudlaşdırır. Bu səbəbdən bir çox ailələr əlavə tədris proqramlarına və texnoloji kurslara müraciət edir.
Bəs texnologiyanın təhsildə effektiv tətbiqi üçün kim daha çox məsuliyyət daşıyır?
Mövzu ilə bağlı təhsil eksperti Elnur Hacıyev "informator.az"a açıqlamasında bildirib ki, valideynlər və müəllimlər, şagirdlərin texnoloji vasitələrdən faydalı şəkildə istifadə etmələrini təmin etməsi bu gün çox vacibdir:
"Təhsil müəssisələri isə rəqəmsal resursların tədris proqramlarına inteqrasiyasını təşkil etməlidir. Texnoloji infrastrukturların təminatını da çox önəmlidir.
Valideynlər isə evdə övladlarının texnoloji vasitələrdən necə istifadə edəcəyini izləyərək dəstək verməlidir. İzləməni təmin etmək üçün xüsusi proqramlar mövcuddur.
Təhsil sistemində bütün bu tərəfdaşlar arasında əlaqələr sıx olmalıdır. Müəllimlər texnologiya ilə təhsilin əhəmiyyətini anladıqda, texnologiyanın faydalarını öz siniflərində səmərəli şəkildə tətbiq edə bilərlər. Bu da öz növbəsində şagirdlər üçün həm maraqlı, həm də faydalı təcrübə təmin edər".
Ekspertin sözlərinə görə, şagirdlərin aşağı siniflərdən onlayn platformalara yönləndirilməsi bir az daha həssasdır:
"Kiçik yaşlarda, xüsusilə 5 yaşa qədər olan uşaqların texnologiya ilə əlaqəsi müsbət təsir yaratmaq əvəzinə inkişaflarına mənfi təsir edə bilər.
Aşağı siniflərdə, uşaqların təbii inkişafı və sosial bacarıqları ön planda olmalıdır. Lakin, müasir dövrdə texnologiyanın təhsil sahəsində istifadəsinin müsbət tərəflərini gözardı etmək də olmaz.
Uşaqların texnologiyaya erkən yaşlarda əhəmiyyətli dərəcədə daxil olmaları, onlara rəqəmsal dünyada yönəlməyi öyrədə bilər. Lakin bu, təbii inkişaf və sosial bacarıqların inkişafı ilə balanslı şəkildə həyata keçirilməlidir. Şagirdlərin texnologiya ilə tanışlığı tədris prosesinin bir hissəsi olsa da, bu yalnız doğru idarə edildikdə effektiv olur".