Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası

Tarix: 21:11 23.12.2024
“Məlumdur ki, aparılan ikitərəfli danışıqlar heç bir vasitəçinin kənar təsiri olmadan müstəqil şəkildə həyata keçirilib. Təbii ki, biz bunun böyük müsbət nəticələrini görmüşük. Lakin Ermənistan keçmişdə xarici havadarların təzyiqi altında bu prosesi müəyyən qədər ləngidib. Ona görə də, qarşıdakı dövrdə bu məsələlərin geriləməsi yox, intensivləşməsi əsas hədəf götürülür”.
Bu sözləri “İnformator.az”a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi gecikmədən həll olmalıdır:
“Ümumiyyətlə, Azərbaycan - Ermənistan arasında aparılan danışıqlar, hökumətlərarası komissiyanın fəaliyyəti, masada olan danışıqlar prosesi, şərtlər və Azərbaycanın haqlı tələbləri ondan ibarətdir ki, delimitasiya prosesi gecikmə olmadan, yüksək sürətlə həyata keçirilməlidir. Burada Azərbaycanın ərazi bütövlüyü və qanunla müəyyən edilmiş sərhədləri tam şəkildə təsbit olunmalıdır.
Uzun illər işğal dövründən etibarən bu məsələlər gündəmdə qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmaqla, məsələlərə ciddi şəkildə riayət edilməli və delimitasiya prosesi həyata keçirilməlidir. Bundan əlavə, şərti sərhədlərin tam şəkildə müəyyən olunması da vacibdir".
Politoloq bu məsələdə beynəlxalq təşkilatların rolundan da bəhs edib:
“Sərhəd müəyyənləşdirmə prosesində beynəlxalq təşkilatların roluna gəldikdə isə mən xüsusi vurğulamaq istərdim ki, əlbəttə, bəzi beynəlxalq təşkilatlar həqiqətən də məsələyə müsbət töhfə verməyə çalışarsa, burada ədalətli prinsiplər əsasında təkliflər verirlərsə və ya Ermənistana bu istiqamətdə təzyiq göstərərlərsə, prosesin müsbət istiqamətdə irəliləməsi qəbul ediləndir.
Amma məlumdur ki, bəzi beynəlxalq təşkilatlar və Qərb ölkələri prosesin ləngidilməsində maraqlıdır. Onlar bu prosesə müdaxilə etməklə öz maraqlarını qorumağa çalışırlar. Ermənistanı təhrik edərək bundan vasitə kimi istifadə edirlər. Bu gün biz prosesin gedişində yenə də ləngimələrin şahidi oluruq.
Əslində, Ermənistan bütün bu xarici təzyiqləri dəf etməli, neytrallaşdırmalı və Azərbaycanla sərhədlərin delimitasiya prosesində öz müsbət töhfəsini verməlidir".
Nəzrin İsmayılova