Bakı Dövlət Universiteti beynəlxalq konfransa ev sahibliyi edir

Bölmə: MEDİA › Media-Yubiley › ,
Tarix: 10:18 15.05.2025

Bakı Dövlət Universitetində “Rəqəmsal Dövrdə Media və Kommunikasiya Fəaliyyəti” mövzusunda beynəlxalq elmi konfrans işə başladı. Tədbir Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunub.

 

"İnformator.az" xəbər verir ki ,Konfrans Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olundu. Tədbirdə BDU-nun rektoru, Elçin Babayev, universitetin professor-müəllim heyəti, Türkiyənin Üsküdar Universitetinin rektoru, həmçinin dünyanın müxtəlif ölkələrindən dəvət olunan jurnalistlər, media ekspertləri və elm adamları iştirak edirlər.

 

Tədbirdə çıxış edən rektor Elçin Babayev mətbuatın banisi Həsən bəy Zərdabi ilə başlanan şərəfli yolun bu gün də uğurla davam etdiyini bildirdi. O, Azərbaycanda senzuranın ləğv edilməsinin mətbuatın azad inkişafı üçün əsaslı dönüş nöqtəsi olduğunu vurğuladı.

 

Rektor çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediasının göstərdiyi peşəkarlıq və milli ruhun təbliğində oynadığı rolu xüsusi qiymətləndirdi. Medianın informasiya təhlükəsizliyi və cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətindən bəhs edən Elçin Babayev universitetin media qurumları ilə sıx əməkdaşlıq etdiyini, Jurnalistika fakültəsində yaradılan müasir tədris və istehsalat şəraitinin gələcək jurnalistlərin peşəkar yetişməsinə geniş imkanlar yaratdığını qeyd etdi.

 

Üsküdar Universitetinin rektoru professor Nevzat Tarhan beynəlxalq konfransda çıxış edərək BDU ilə əməkdaşlıq protokolunun əhəmiyyətini vurğuladı. Tədbirdə iştirak edən xarici jurnalistləri salamlayan rektor, Jurnalistika fakültəsində festival ab-havası yaşandığını bildirdi. O, iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında təhsil və akademik əməkdaşlığın önəmini qeyd etdi, ümummilli lider Heydər Əliyevlə Mustafa Kamal Atatürkün mətbuata verdiyi töhfələr arasında paralellər apardı. Jurnalistikanın inkişaf etdiyini deyən rektor bu sahədə biliklərin möhkəmləndirilməsinin vacibliyini vurğuladı, konfransın təşkilinə görə, təşkilatçılara, xüsusilə BDU rektoru Elçin Babayevə və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevə təşəkkürünü bildirdi.

 

Konfransın əsas məqsədi rəqəmsallaşan informasiya mühitində medianın dəyişən rolu, kommunikasiya vasitələrinin gələcək inkişaf perspektivləri və süni intellektin informasiya axınına təsiri mövzusunda elmi müzakirələr aparmaqdır. Tədbir çərçivəsində panel iclaslar, elmi çıxışlar və təqdimatlar keçiriləcək.

 

Konfransda ardıcıl olaraq Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış etdilər. Rövşən Məmmədov çıxışında rəqəmsallaşmanın yalnız müsbət deyil, həm də mənfi tərəflərinin olduğunu vurğuladı. O, rəqəmsal dövrdə medianın tənzimlənməsi, informasiya cəmiyyətinin necə formalaşmalı olduğu və cəmiyyətin informasiya savadlığının artırılmasının vacibliyinə toxundu.

 

Televiziya rəhbəri həmçinin kiber hücumlar təhlükəsinə diqqət çəkərək, bu kimi çağırışlara qarşı medianın dayanıqlılığının artırılmasının zəruri olduğunu bildirdi. Beynəlxalq konfransın əhəmiyyətindən danışan Rövşən Məmmədov burada müzakirə ediləcək məsələlərin medianın inkişafına töhfə verəcəyini qeyd etdi. Sonda Rövşən Məmmədov elmin məbədi adlandırdığı Bakı Dövlət Universitetinin rəhbərliyinə göstərilən yüksək təşkilatçılığa görə təşəkkürünü bildirdi.

 

Daha sonra çıxış edən millət vəkili Vüqar Rəhimzadə və tanınmış media nümayəndəsi,Real Tv-nin baş direktoru  Mirşahin Ağayev rəqəmsal dövrdə medianın rolu və qarşıda duran çağırışlarla bağlı fikirlərini bölüşdülər. Mirşahin Ağayev çıxışı zamanı bir zamanlar “Əkinçi” qəzeti ilə bağlı söylədiyi tənqidi fikirlərin yanlış olduğunu etiraf etdi. O, həmin dövrdə müəllimlərinin bu yanaşmanı qınamasının haqlı olduğunu bildirdi və zaman keçdikcə bu qənaətə gəldiyini vurğuladı.

 

Konfransda çıxış edən professor Qulu Məhərrəmli elmin cəmiyyətin inkişafındakı rolundan bəhs edərək, medianın elmi yanaşmalarla təhlil edilməsinin vacibliyini vurğuladı. O, “Media Problemləri” jurnalının ərsəyə gəlməsindən danışaraq bu nəşrin mediaya dair elmi məqalələrin yayılmasında əhəmiyyətli rol oynadığını bildirdi. Professor jurnal səhifələrində yer alan tədqiqat məqalələrinin bu sahədə araşdırmalar aparanlar üçün dəyərli mənbə olduğunu qeyd etdi. 

Konfransın sonunda Bakı Dövlət Universitetinin Yaradıcılıq və Mədəniyyət Mərkəzinin təqdim etdiyi bədii proqram iştirakçılara xoş anlar yaşatdı. Səhnədə “Ay Laçın” da daxil olmaqla bir neçə sevilən musiqilər səsləndirildi. Milli ruhu əks etdirən musiqilər tədbirə xüsusi ahəng qataraq konfransı yüksək əhval-ruhiyyə ilə yekunlaşdırdı.

 

Qeyd edək ki, beynəlxalq elmi konfrans sabah da öz işini davam etdirəcək.

 

Vüqar Alışov 

Səkinəbəyim Cəfərova